...

Səfir: Ukrayna nümayəndə heyəti Bakıda maşınqayırma, təyyarəqayırma və neft kimyasının perspektivlərini müzakirə edəcək

Siyasət Materials 26 Dekabr 2006 13:38 (UTC +04:00)
Səfir: Ukrayna nümayəndə heyəti Bakıda maşınqayırma, təyyarəqayırma və neft kimyasının perspektivlərini müzakirə edəcək

Bu gün Azərbaycan Ukrayna üçün həm strateji tərəfdaşlıq baxımından, həm də enerji sərvətləri mövqeyindən çox maraqlı ölkədir. Ukrayna öz enerji təhlükəsizliyini təmin etmək və alternativ variantlar tapmaq istəyir. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Trend ə eksklüziv olaraq məlumat verib.

Səfir qeyd edib ki, hazırda Ukrayna üçün enerji tədarükünün başlıca mənbəyi Rusiya olaraq qalır.

"Ukrayna tələbatlarının cəmi 30 faizini öz neft-qaz yataqları hesabına ödəyir", - deyə o bildirib və xatırladıb ki, bu məsələ üzrə Ukraynanın baş naziri Viktor Yanukoviç Qazaxıstanda danışıqlar aparıb.

Azərbaycanın Ukraynadakı səfiri vurğulayıb ki, Ukraynanın nümayəndə heyəti əməkdaşlıq üzrə bir sıra təkliflərlə Azərbaycana gəlir.

"O cümlədən, bu- maşınqayırma, təyyarəqayırma, kimya, neft kimyası, aqrar-sənaye kompleksidir", - deyə o bildirib.

Səfir qeyd edib ki, 2006- cı ildə Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsi təxminən 300 milyon ABŞ dolları təşkil edib və gələcək inkişaf üçün potensial var.

Bu gün Bakı vaxtı ilə 13.40-da baş nazir Viktor Yanukoviçin başçılıq etdiyi Ukraynanın nümayəndə heyəti birgünlük işgüzar səfərlə Bakıya gələcək. V.Yanukoviçin Azərbaycanın baş naziri Artur Rəsizadə ilə "tet-a-tet" formatında görüşünün keçiriləcəyi gözlənilir, sonra isə iki ölkənin hökümət nümayəndə heyətlərinin danışıqları baş tutacaq və danışıqlar bitdikdən sonra hər iki baş nazir nəticələri mətbuata bildirəcəklər. Həmçinin Yanukoviçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də planlaşdırılıb.

T.Əliyev bildirib ki, nümayəndə heyəti elə bu gün axşam vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti