Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müsavat Partiyası Məclisinə keçirilən seçkilərin qaydaları dəyişdirilməlidir. Bu barədə çərşənbə günü Bakıda müxalifətyönlü Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.
S.Əkbər qeyd edib ki, hazırda Məclisdə 24 yer boşdur. Boş yerlərdən beşi qadınlar üçün ayrılan kvotaya aiddir.
"Məclisin sonuncu iclasından əvvəl 28 yer boş idi. 65 nəfər namizəd qeydə alınsa da, onlardan yalnız 4 Məclis üzvü seçilə bildi. Bu isə deməyə əsas verir ki, Məclisə keçirilən seçkinin şərtləri çox sərtdir və onun sadələşdirilməsinə ehtiyac var", -deyə S.Əkbər əlavə edib.
Onun sözlərinə görə, boş qalan yerlərə seçkilər Məclisin növbəti deyil, ondan sonrakı iclasında keçiriləcək. Məclisin növbəti iclası isə 3 ay ərzində baş tutacaq: "Belə hesab edirik ki, Məclisdəki yerlərin bir müddət boş saxlanılması vacibdir. Çünki prezident seçkiləri yaxınlaşır və Müsavat Partiyasına elə şəxslər üzv ola bilərlər ki, onların Məclisdə təmsil olunması zərurəti ortaya çıxar. Eyni zamanda Müsavata başqa partiyaların da birləşməsi istisna deyil."
Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.