...

Azərbaycan hökuməti nümayəndə heyətinin ABŞ-a səfərini təxirə salıb

Siyasət Materials 23 Aprel 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin insan haqları üzrə 2006-cı ilin hesabatının ilkin variantına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid dəyişikliklərin edilməsini nəzərə alaraq aprelin 23-24-ə Azərbaycan nümayəndə heyətinin təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr məqsədi ilə Vaşinqtona planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Həmin məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətində Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin yüksək çinli rəsmi şəxslərinin iştirakı planlaşdırılırdı.

"Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü (Dağlıq Qarabağ onun ayrılmaz tərkib hissəsidir) çərçivəsində nizamlanması ölkəmiz üçün Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsindəki geniş əməkdaşlığın mühüm elementidir. Çap olunmuş hesabatın mətninə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən dəyişikliklərin əlavə edilməsi yolverilməzdir və bu, ABŞ-ın bu münaqişənin həllində "neytral vasitəçi" kimi mövqeyini şübhə altına alır. Bu cür addım iki ölkə arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığa ciddi maneələr yarada bilər" - deyə XİN-in bəyanatında vurğulanıb.

Xəbər lenti

Xəbər lenti