...

MSK sədri:"Bu il Azərbaycanda növbəti təkrar bələdiyyə seçkiləri keçiriləcək"

Siyasət Materials 10 May 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il Azərbaycanda növbəti təkrar bələdiyyə seçkiləri keçiriləcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

Xatırladaq ki, 2006-cı ildə Azərbaycanda təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri keçirilib. MSK yol verilmiş qanun pozuntularını əsas gətirərək bəzi bələdiyyələr üzrə seçkilərin nəticələrini ləğv edib.

Pənahovun sözlərinə görə, nəticələri tanınmayan həmin bələdiyyələrə yenidən seçkilər təyin olunacaq. Yaxın bir ay ərzində bu seçkilərin vaxtı məlum olacaq. "Cəmi beş-altı bələdiyyə üzrə seçki keçiriləcək. Seçkinin təşkili ilə bağlı artıq işlər görülür. Çalışacağıq ki, seçki bu il baş tutsun, çünki qanun bunu tələb edir" - deyə MSK sədri qeyd edib.

Pənahov onu da deyib ki, Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı beynəlxalq qurumlar və Azərbaycan hökuməti arasında müzakirələr aparılır. MSK sədri bildirib ki, hər iki tərəfin təklifləri müzakirə olunur: "Həmişəki kimi bu sahədə müəyyən addımlar atılır. Yaxın 10-15 gün ərzində müzakirələrə dair daha təfərrüatlı məlumatlar veriləcək" - deyə Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti