...

Ukraynalı politoloq: "Prezident Yuşenkonun bəyanatı Konstitusiya Məhkəməsinin zərərsizləşdirilməsinə yönəlib"

Siyasət Materials 24 May 2007 15:21 (UTC +04:00)
Ukraynalı politoloq: "Prezident Yuşenkonun bəyanatı Konstitusiya Məhkəməsinin zərərsizləşdirilməsinə yönəlib"

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Ukrayna prezidenti Viktor Yuşenkonun bəyanatı Konstitusiya Məhkəməsinin zərərsizləşdirilməsinə yönəlib. Bu fikir ukraynalı politoloq, "Sofiya" sosial araşdırmalar mərkəzinin direktoru Andrey Yermolayevə məxsusdur.

Qeyd edək ki, Yuşenko Ukrayna Baş Prokurorluğuna Konstitusiya Məhkəməsində Konstitusiyanın və milli qanunvericiliyin pozulması nəticəsində yaranmış duruma hüquqi qiymət verməyi tapşırıb. Onun fikrincə, Konstitusiya Məhkəməsi öz legitimliyini itirir və yaranmış vəziyyətdə dövlətin Ali Qanununun aliliyini təmin edə bilmir.

Cümə axşamı Yermolayev Kiyevdən telefonla bildirib ki, prezident Yuşenko siyasi kompromisə meyllidir, lakin Konstitusiya Məhkəməsinin öz qərarı ilə informasiya və siyasi situasiyanı dəyişə biləcəyindən narahatdır.

"Baş Prokurorluğu idarə etmək qanunu pozmaq kimi görünür. Belə bir cəhd prezidentin Baş Prokurorluğa Konstitusiya Məhkəməsinin fəaliyyətini araşdırmaq tapşırığında sezilir. Eyni zamanda prezidentin müraciətində qeyri-konstitusionluqla bağlı qiymətləndirici mövqe var. Bu isə prezidentin statusuna ziddir. Prezident Konstitusiyaya riayət olunmasının qarantı rolunda çıxış etsə də, konstitusionluğu şərh etmək hüququna malik deiyl. Bunun üçün Konstitusiya məhkəməsi var" - deyə o vurğulayıb.

Xatırladaq ki, son üç ayda Ukrayna parlamentinə seçkilər ətrafında qızğın debatlar gedir. Yuşenkonun qərarı ilə seçkilərin tarixi kimi 24 iyun müəyyənləşdirilib. Lakin Ukrayna parlamenti bunu texniki cəhətdən mümkünsüz sayır. Ukrayna Konstitusiya Məhkəməsinin rəhbəri İvan Dombrovski mayın 17-də öz istəyi ilə vəzifəsindən istefa verib.

Dobmrovskinin səlahiyyətlərinin müvəqqəti icrası onun müavini Valeriy Pşeniçnıya həvalə edilib. Pşeniçnının öz statusu isə hazırda sual altındadır. Çünki aprelin 30-da o prezidentin qərarı ilə Syuzanna Staniklə birgə hakim vəzifəsindən kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti