...

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın tikinti layihələrini ekspertizadan keçirib

Siyasət Materials 8 İyun 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda həyata keçirilən tikinti işləri ilə bağlı 1273 layihə sənədləri nəzərdən keçirilib, Bakı şəhəri üzrə 550 obyektin tikinti sənədlərindəki nöqsanlar aradan qaldırılıb, 68 mindən artıq obyektə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məqsədi ilə baxış keçirilib. Bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Kəmaləddin Heydərov məlumat verib.

Onun sözlərinə görə, nazirliyin əməliyyat-istintaq idarəsi tərəfindən ötən dövrdə beş cinayət işinin istintaqı aparılıb və nəticələr müvafiq qurumlara təqdim olunub. İdarə 779 858 manat dəyərində ziyanın ödənilməsini təmin edib.

Heydərov çıxışında həmçinin bildirib ki, sularda xilasetmə məqsədi ilə 40 modul məntəqə alınıb və hazırda onların sahil çimərliklərində quraşdırılması işi aparılır. Ötən il çimərliklərdə batmaq təhlükəsi ilə üzləşmiş 362 nəfərin həyatı xilas edilib. Buna baxmayaraq hesabat dövründə dövlət çimərliklərində altı, özəl çimərliklərdə isə 11 nəfər boğulub.

"Yaxın vaxtlarda Avstriya və Koreyanın müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulur. Hesabat dövründə 30 BMW markalı motosiklet, iki təcili yardım maşını, 53 "KaMAZ" markalı yanğınsöndürən maşın, 10 "VAZ" markalı avtomobil, Türkiyədən 12 avtobus, Belarusdan müxtəlif təyinatlı texnikalar, iki xüsusi təyinatlı "Hammer" markalı maşın, səkkiz kiçik həcmli qayıq alınıb. Rusiyadan iki vertolyot, dörd iri katerin, Finlandiyadan isə iki hündürlük nərdivanının alınması üçün sifarişlər verilib və ilkin ödənişlər aparılıb" - deyə Heydərov çıxışında vurğulayıb.

Xəbər lenti

Xəbər lenti