Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək IX qurultayında Güney Azərbaycanla bağlı qərarlar olacaq. Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov məlumat verib.
O, həmin qurultayda iştirak edəcəyini deyib. Məmmədovun sözlərinə görə, DAK-ın qurultayında əsas müzakirə mövzularından biri Güney Azərbaycandakı durum, insan haqlarının vəziyyəti olacaq: "Müzakirələrdən sonra Güneylə bağlı mühüm qərarların qəbul olunması gözlənilir" - deyə Məmmədov qeyd edib.
AMİP lideri onu da deyib ki, Beynəlxalq Demokrat İttifaqında (BDİ) Güney Azərbaycanla bağlı qəbul olunmuş qərar bu quruma daxil olan ölkələrin parlamentlərində müzakirəyə çıxarılacaq: "Hazırda Avropa ölkələrinin parlamentləri tətildədir. Payız mövsümündə BDİ-yə üzv ölkələrin parlamentlərində Güney Azərbaycan məsələsi gündəmə gətiriləcək" - deyə Məmmədov bildirib.
AMİP Beynəlxalq Demokrat İttifaqında təmsil olunur. Məmmədov BDİ-nin sədr müavinidir.
DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.