...

Tacikistan prezidenti ilə müsahibə: "Tacikistan-Azərbaycan əlaqələrinin gözəl perspektivi var"

Siyasət Materials 9 Avqust 2007 13:00 (UTC +04:00)
Tacikistan prezidenti ilə müsahibə: "Tacikistan-Azərbaycan əlaqələrinin gözəl perspektivi var"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Tacikistan prezidenti Emomali Rəhmonla avqustun 13-14-də Azərbaycana rəsmi səfəri öncəsi Trend in eksklüziv müsahibəsi

- Siz Tacikistan-Azərbaycan əlaqələrini necə səciyyələndirirsiniz? Iki ölkə arasında əməkdaşlığın əsas prioritetləri nədən ibarətdir?

- Bizim xalqlarımız çoxəsrlik tarixə malik qarşılıqlı münasibətlər ənənəsinə malikdir. Azərbaycan xalqının böyük oğlu, fars-tacik ədəbiyyatının klassiki Nizaminin təkrarolunmaz koloritləri ilə bizim şair və alimlərimizi ruhlandırmaqda davam etməsi bunun parlaq nümunəsidir. O, bizdə Rudəki, Səədi, Hafiz və Xəyyam qədər oxunur.

Yaxın keçmişdəki ümumi tariximiz də xalqlarımızın bir-birlərinə qarşı olan qarşılıqlı hörmət və rəğbətinin sübutudur.

Bizim bugünkü səylərimiz ölkələrimiz arasında əsrlərlə formalaşmış sarsılmaz özülə malik olan əlaqələr müstəqil dövlətlərin suverenliyi və qarşılıqlı maraqlarına hörmətə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Bizim əlaqələrimiz qarşılıqlı inam və konstruktivizm ruhuna malik olaraq inkişaf edir. Ölkələrimiz həm ikitərfli formatda, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dostluq əlaqələri saxlayırlar. İlbəil qarşılıqlı əmtəə dövriyyəsinin səviyyəsi atrtır. Bununla belə, açıq deyim ki, müstəqilliyin ilk illərində bizim əlaqələrimizin intensivliyi dinamik zamanın tələblərindən uzaq idi. Bu da bir sıra amillərlə izah oluna bilər ki, bura dövlətlərin inkişafındakı çətinliklər, ilk növbədə siyasi və sosial-iqtisadi problemlərin həlli daxildir.

Azərbaycan prezidenti hörmətli İlham Əliyevin bu ilin yazında Tacikistana baş tutan rəsmi səfəri bizim qarşılıqlı əlaqələrimizdə dönüş nöqtəsi oldu. Bu, bütün istiqamətlərdə əməkdaşlığın inkişafına güclü təkan vermiş oldu. Düşənbədə biz iki dost dövlət arasında uzunmüddətli qarşılıqlı əlaqələrin əsasını təşkil edəcək Dostluq və Əməkdaşlıq haqqında hökumətlərarası saziş imzaladıq.

- Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ilk növbədə hansı məsələlərə baxılacaq?

- Zənnimcə, qarşımızda duran ilk məsələ ikitərəfli əməkdaşlıq dairəsinin genişləndirilməsidir. Bunun üçün əsas şərt inkişaf etmiş hüquqi-müqavilə əsasının mövcud olmasıdır. İlham Əliyevin səfərindən sonrakı qısa müddət ərzində hər iki ölkənin ekspertləri əsas istiqamətlər üzrə qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyən edən onlarla hökumətlərarası və müəssisələrarası sənədlərdən ibarət olan paket hazırlayıblar. Bu sırada böyük əhəmiyyətə malik azad ticarət, rabitə, təhsil, elm və texnika, aviasiya, vergi sahəsinə aid olan sənədlərin adlarını sadalamaq lazımdır.

Bundan başqa, biz azərbaycanlı həmkarlarımızla ən müxtəlif - siyasi, iqtisadi, yaxud mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsi yolları və vasitələrini müzakirə etmək niyyətindəyik. Bunun üçün biz həm dövlətlərarası, həm də işgüzar dairələr, elmi və bədii qurumlar, təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə yardım edəcək və mütəmadi olaraq toplaşacaq müvafiq hökumətlərarası komissiya formalaşdırcağıq. Komissiyanın əsas fəaliyyət istiqaməti əvvəlcə mövcud olan, lakin sonradan müxtəlif səbəblər ucbatından hazırda durğunluq keçirən əlaqələrin bərpası imkanlarının öyrənilməsi olmalıdır. Belə ki, bizim azərbaycanlı həmkarlarımızla birgə müzakirə etməyə və üzərində işləməyə ehtiyacı olan məsələlərimiz var. Mən əminəm ki, Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün gözəl perspektivlər mövcuddur və biz bu əlaqələrin gələcəyinə nikbinliklə yanaşırıq. Biz xalqlarımızın hazırkı və gələcək nəsillərinin marağında olan zəngin potensialın həyata keçirilməsi üçün bütün lazımı səyləri göstərmək niyyətindəyik.

- İqtisadi sahədə qarşılıqlı əməkdaşlıq potensialı nə dərəcədə tam istifadə olunur. Siz nəyin hesabına əmtəə dövriyyəsinin artırılması imkanlarını görürsünüz?

- Hər şeydən öncə qeyd etmək lazımdır ki, Tacikistan bütün Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanla dinamik iqtisadi-ticari əlaqələrə malikdir. Azərbaycanla ticarət əməliyyatlarının xüsusi çəkisi Tacikistanın Müstəqil Dövlətlər Birliyi ilə əmtəə dövriyyəsində 10,9 %, xarici ticarət dövriyyəsində isə 4,5 faiz təşkil edir ki, bu da bizim üçün böyük göstəricidir.

İki ölkə arasında əmtəə dövriyyəsi dinamikasının təhlili onu göstərir ki, son beş ildə idxal-ixrac əməliyyatlarının həcmi daim artıma meyillidir.

Ölkələrimiz arasındakı əmtəə dövriyyəsi 2002-ci ildə 42 mln. dollardan 2006-cı ildə 140 mln. dollara qədər artıb. Bununla yanaşı, qarşılıqlı ticarət dövriyyəsinin tərkibi böyük balanslaşdırma və nikbinləşdirməyə ehtiyac duyur. Özünüz düşünün, Azərbaycanla ticarət əlaqələrində Tacikistan üçün üstünlük ölkənin alüminium sənayesi üçün xammalın idxalıdır. Ötən il bu idxalın məbləği 136,2 mln. dollar, yaxud ümumi idxal həcminin 98,5%-ni təşkil edib.

Belə vəziyyətdə alüminium bazarında vəziyyətin dəyişilməsi bu göstəriciyə ciddi şəkildə təsir edə bilər. Buna görə də Tacikistan-Azərbaycan əməkdaşlığının tam istifadə olunması aktual mövzüdür.

Qeyd etmək lazımdır ki, müasir şəraitdə yeni qarşılıqlı əlaqələrin formalaşması qloballaşma və milli maraqlara riayət etməklə qurulur. Bizim ölkələrimizin milli maraqları isə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə çağırır.

Zənnimizcə, bizim üçün perspektivli əməkdaşlıq sahəsi energetika, faydalı qazıntıların hasilatı və emalı, kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, kommunikasiya, tekstil və qida sənayesi, eləcə də bizim böyük potensial və istehsal gücünə malik olduğumuz digər sahələr ola bilər.

Azərbaycanın yüksək iqtisadi göstəricilərini nəzərə alsaq, həmçinin biz də Tacikistanda həyata keçirilən istehsal-iqtisadi layihələrə Azərbaycandan investisiya axınını nəzərdə tuturuq.

- Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başlayır. Bu amil Tacikistan və Azərbaycanın daha çox yaxınlaşmasını nə dərəcədə stimullaşdırır?

- Həqiqətən, enerji təhlükəsizliyinin təmin olunması həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələri götürdükdə sözsüz ki, aktual məsələdir. Buna görə də hazırda bütün ölkələr enerji təhlükəsizliklərinin təmin olunması üçün öz yollarını axtarırlar. Bu məqsədlə bizdə böyük və kiçik hidroenergetika müəssisələrinin inkişafı, həmçinin kömür, qaz və neft sənayesi müəssisələrinin gücünün artırılması üçün bir sıra birgə layihələr həyata keçirilir. Artıq yaxın illərdə Tacikistan Respublikası yenidən bərpa olunan enerji mənbələri hesabına nəinki öz enerji təchizatını təmin edə biləcək, həmçinin qonşu ölkələrə də böyük həcmdə elektrik enerjisi ixrac edə biləcək.

Bununla belə, qeyd etmək lazımdır ki, Tacikistanda elektrik enerjisi istehsalı effektiv, etibarlı və ekoloji cəhətdən təmiz istehsalı təmin edir. Bununla yanaşı, iqtisadiyyatın digər sahələrinin tələbatının təmin olunması üçün elektrik enerjisindən başqa həmçinin neft və qaz da tələb olunur. Lakin bizim ölkəmiz hələ ki, bu xam mal və məhsul növləri ilə özünü təmin edə bilmir. Buna görə də nəzərə alsaq ki, Azərbaycan inkişaf etmiş neft hasilatı və neft emalı sənayesinə, böyük kəşfiyyat, yanacaq resurslarının hasilatı və emalı təcrübəsinə malikdir, bu istiqamətlərdə bizim əməkdaşlığımızın genişləndirilməsi məqsədəuyğundur.

Zənnimcə, bu, bilavasitə Azərbaycan tərəfinin mütəxəssislərinin və investisiyalarının Tacikistan Respublikası ərazisində neft və qaz resurslarının kəşfiyyatı, hasilatı və emalında iştirakı ilə həyata keçirilə bilər. Təbii ki, biz də Azərbaycandan neft və neft məhsullarının tədarük olunmasında maraqlıyıq.

Əminəm ki, yanacaq-energetika sahəsində və digər iqtisadi inkişaf istiqamətlərində əməkdaşlığın formalaşdırılması və möhkəmləndirilməsi Azərbaycan və Tacikistanın daha da yaxınlaşmasına xidmət edəcək.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində və xüsusilə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində rəsmi Düşənbənin mövqeyi necədir?

- Müharibənin bütün dəhşətlərini öz üzərində hiss etmiş bir dövlət kimi, biz prinsipial olaraq bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mövqeyinin tərəfdarıyıq. Danışıqların alternativi yoxdur və sevindirici haldır ki, tərəflər bunu anlayır. ATƏT-in Minsk qrupu həmsədrlərinin xüsusi nümayəndələrinin institutunun yaradılması şübhəsiz ki, danışıqlar prosesinin intensivləşməsinə yardım edib və cari ildə bu, xüsusilə nəzərə çarpır. Danışıqlara nəinki yalnız Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri qoşulub, hətta biz, iyun ayında Sankt-Peterburqda iki dövlət başçısının görüşünün şahidi olduq ki, bu da şübhəsiz ki, danışıqların gedişinə müsbət təkan verməlidir.

Minsk qrupunun son bəyantı danışıqlar prosesinin gələcəyi ilə bağlı nikbinlik üçün əsas verir. Lakin mən müzakirə olunan məsələlər dairəsinin nə qədər ciddi olduğunu təsəvvür edirəm.

Bununla belə, biz əminik ki, planetin bu mühüm, inkişaf və quruculuq mərhələsində olan regionunda yaşayan bütün xalqların maraqları naminə Cənubi Qafqazda sülh və sabitlik təmin olunacaq.

- Oktyabr ayının əvvəlində Düşənbə Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarını qəbul edəcək. Siz islahatlar perspektivini və ümumilikdə MDB-nin gələcəyini necə görürsünüz?

- Doğrudan da, bu ilin oktyabr ayının əvvəlində ilk dəfə olaraq MDB-yə bütün üzv dövlətlərin başçıları Düşənbəyə gələcəklər və biz bu hadisəyə hazırlaşırıq.

Dolğun planda Dövlət Başçıları Şurasının işi davam etdiriləcək ki, burda da Birliyin islahatlar məsələsi əsas aparıcı yerlərdən birini tutacaq. Bu məsələ ətrafında çox söhbətlər dolanır və skeptik notlar yayılır. Birlikdə islahatların vaxtı çoxdan çatıb. Birlik yaranandan indiyə qədər demək olar ki, əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb.

İlkin mərhələdə formalaşmış və təsis sənədlərində göstərilən məqsəd kimi qoyulmuş bir çox məsələlər həyata keçirilməmiş qalıb ki, bu da Birliyin işləmək bacarığına şübhə etməyə əsas verib.

Əlbəttə ki, Sovet İttifaqının dağılması və dövlətlərimizin beynəlxalq əlaqələrin tamhüquqlu subyektləri olması ilə bağlı bir çox mürəkkəb məsələlərin mədəni şəkildə nizamlanmasında MDB-nin müsbət rolunu inkar etmək olmaz. Lakin həyat dəyişir və Birliyin effektivliyinin artırılması bu gün aktual xarakter alır. Prinsipial planda biz hesab edirik ki, Birlik qarşılıqlı fəaliyyət üçün zəngin potensiala malikdir və onun inteqrasiya mexanizmi kimi gələcəkdə saxlanılmasının vacibliyini şübhə altında qoymuruq.

Hesab edirik ki, MDB hələ öz imkanlarını tükətməyib və prioritetlərin düzgün yerbəyer olunması ilə biz onun müasir şərtlərə uyğunlaşması üçün yeni təkan verə bilərik.

Bu gün əsas vəzifələri müəyyən etməyin vaxtı çatıb, bu vəzifələrin reallaşması üçün isə mövcud imkanları lokal məsələlərin həllinə səpələmədən, bütün səyləri cəmləşdirmək lazımdır. Birliyin inkişafına lazımı dinamikanı vermək üçün biz bundan sonra məhz bu əsas vəzifələrdən çıxış edərək hərəkət etmək niyyətindəyik və mən öz həmkarlarım və tərəfdaşlarımla bu vəzifənin öhdəsindən gələcəyimizə əminəm.

Xəbər lenti

Xəbər lenti