...

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun qüvvəyə minib

Siyasət Materials 21 Avqust 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun qüvvəyə minib. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanun dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədini daşıyır.

Dövlət qulluqçusu qərəzsiz olmalı,vicdanlı, mədəni davranmalı, peşəkar və məsuliyyətli olmalı, loyallıq göstərməli, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməli, korrupsiyanın qarşısını almalıdır. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Qanunvericilikdə nəzərdə tutulan hallardan başqa dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir. Dövlət orqanının rəhbəri qaydaları pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.Bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi, kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi onun barəsində intizam icraatının başlanmasına səbəb olur. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə,dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti