...

Həbsdə olan baş redaktor aclığı dayandırıb

Cəmiyyət Materials 15 Dekabr 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru şənbə günü səhər saatlarında aclığı dayandırıb.

Baş redaktor Qənimət Zahid dekabrın 8-dən etibarən jurnalistlərin və özünün qanunsuz həbsinə etiraz olaraq aclığa başlayıb.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzindən şənbə günü Trend ə bildirilib ki, 1 saylı İstintaq Təcridxanasının rəhbərliyinin baş redaktorla və onun ailəsi ilə apardığı söhbətdən sonra Zahid aksiyanı dayandırmağa razılıq verib.

Məlumatda onun səhhətinin normal olduğu bildirilir.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Baş redaktorun cinayət işi Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın icraatındadır və dekabrın 26-da iş üzrə hazırlıq iclası keçiriləcək.

Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti