...

Korrupsiyada ittiham olunan müstəntiqə prokuror iş istəyib

Cəmiyyət Materials 20 May 2008 18:08 (UTC +04:00)

Azərbaycan,Bakı,20 may / Trend , müxbir T. Abbasov/ Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilmiş prosesdə prokuror korrupsiyada ittiham olunan müstəntiqə 8 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Rüşvət alma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Bakı şəhər prokurorluğu İstintaq İdarəsinin sabiq müstəntiqi Mahir Nağıyev barəsində ötən il oktyabrın 30-da Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nağıyev baş prokurorun 2 iyul tarixli əmri ilə, xüsusi rütbədən məhrum edilməklə, prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Nağıyev barəsində aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, o, Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən, Baba Mahmudzadə və Ehtiram Əhmədovun həbs olunmaması üçün onlardan rüşvət alıb.

Nağıyev həmin cinayət işi üzrə axtarışda olmuş Nataliya Sinisınanın həyat yoldaşı Anatoli Sinisınin adına Bakı şəhərinin Yasamal rayonunda, "Qanlı göl" ərazisinin şərq hissəsində olan 0,12 hektar bağ sahəsini rüşvət şəklində ələ keçirib.

Keçmiş müstəntiq barəsində Korrupsiyaya Qarşı Mübarizə idarəsində Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2) və vəzifə səlahiyyətlərini aşma (309.1) və vəzifə səlahiyyətlərindən sui-istifadə (308) maddələri ilə cinayət işi başlanmışdı.

Mayın 26-da məhkəmə yekun qərarını elan edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti