Azərbaycan, Bakı, 29 may / Trend , müxbir R.Ergün/ Azərbaycandakı şərait 2016-cı ildə keçiriləcək Olimpiadanın Bakıda təşkil olunmasına tam imkan verir. "2016-cı ildə keçiriləcək Olimpiadanın Bakıda təşkil olunması üçün bizdə lazım olan imkanlar var. Bu, siyasi tərəfdən də Azərbaycan üçün böyük irəliləyişə səbəb ola bilər", cümə axşamı Bakı şəhərinin 2016-cı ilin Olimpiadasına hazırlığı ilə bağlı keçirilən tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Tədbirdə Bakı şəhərinin Olimpiadaya hazırlığı ilə bağlı yaradılan təşkilat komitəsinin üzvləri olan şəxslər və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Tədbir iştirakçıları Bakı-2016 layihəsi ilə bağlı videogörüntüləri izləyiblər.
Nazir bildirib ki, Olimpiya oyunlarını qəbul etmək üçün Bibiheybət neft yatağının yerində salınacaq idman şəhərciyi ilə bağlı ideyanı çox yüksək qiymətləndirir. "Bizə əvvəlcə idman şəhərciyini salmaq üçün Hövsan yaxınlığındakı ərazi təklif olunmuşdu. Amma Almaniyadan olan mütəxəssislər bildirdi ki, Bibiheybət neft yatağının yerində idman şəhərciyi inşa etmək həm bu ərazini çirkabdan təmizləyər, həm də gözəl bir şəhərcik salınar" - deyə Rəhimov əlavə edib.
Bu ilin yayında keçiriləcək Olimpiadaya Çinin paytaxtı Pekin ev sahibliyi edəcək. 2012-ci ilin Olimpiadası isə İngiltərənin London şəhərində keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]