Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzi Türkiyə Konstitusiya Məhkəməsinin universitetlərə başı bağlı gəlməyə icazə verən düzəlişləri ləğv etməsinə etiraz edir. "Bu qərar hər mənada irticavi və hüquqa zidd səciyyəlidir. Bunun qəbul edilməsi əslində türk toplumunu demokratiya və insan haqları statndartlarından tam surətdə təcrid etməkdir", - deyə cümə günü DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu məhkəmənin qərarını şərh edərkən bildirib.
Cümə axşamı Türkiyənin Konstitusiya Məhkəməsi universitetlərə başı bağlı gəlməyə icazə verən düzəlişləri ləğv edib. Məhkəmə bildirib ki, parlamentin fevralda qəbul etdiyi islahatlar Türkiyənin dünyəvilik prinsiplərinə zidd olub. Universitetlərdə hicaba qadağanın qoyulmasını Demokratik Sol Partiyası və Cümhuriyyət Xalq Partiyası tələb etmişdi. Türkiyədə bir çox qadınlar universitetlərdə hicaba icazə verilmədiyindən, ali təhsil almaq hüququndan məhrum olublar.
Avropa İnsan Haqları Məhkəməsi də hicabla ali məktəblərə getməyə icarə verməklə bağlı müraciətləri rədd edib. Bunu Türkiyənin Konstitusiyasına, dünyəvi dövlət modelinə zidd hesab edib. Konstitusiya Məhkəməsinin qərarından bir gün əvvəl Avropa Məhkəməsi Türkiyədən gələn oxşar şikayəti də rədd etmişdi.
İbrahimoğlu vurğulayıb ki, hicab - təməl insan haqlarına aid olan vicdan azadlığının tərkib hissəsidir. "Qərbdən daha çox bu məsələdə dünyəvi olmaq iddiası, əslində bir antidemokratik və irticavi mahiyyəti gizlətmək üçündür. Türkiyənin demək olar ki, bütün əsas siyasi çevrələrinin, politoloqlarının, insan haqları müdafiəçilərinin yekdil rəyinə görə, məhkəmə bu qərarı çıxartmaqla əslində öz səlahiyyətlərini aşıb və bununla xalqın seçdiyi legitim qanunverici orqanın qərarını ləğv edərək əslində antikonstitusiyon addım atıb", - İbrahimoğlu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]