...

Azərbaycan prezidenti jurnalistlərin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib

Cəmiyyət Materials 20 İyun 2008 11:48 (UTC +04:00)
Azərbaycan prezidenti jurnalistlərin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərin problemlərinin həlli ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verib.

"Azərbaycan prezidentinin tapşırığı ilə media ilə məşğul olan dövlət qurumları mətbuatın problemləri istiqamətində böyük və ciddi planlar həyata keçirməyə başlayıb", bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin bu gün öz işinə başlayan V qurultayında çıxış edərkən bildirib.

Həsənov qeyd edib ki, mətbuatın problemlərindən biri onun iqtisadi vəziyyətidir. İqtisadi baxımdan zəif olan media imkanlı şəxslərdən asılı vəziyyətə düşüb. "Əsas məsələ o deyil ki, onun səbəbləri nədir. Əsas məsələ odur ki, biz medianın iqtisadi müstəqilliyini təmin etməliyik. Buna hamımız yardım göstərməliyik", - deyən Həsənov mətbuatın digər əsas probleminin jurnalistlərin peşəkarlığı ilə bağlı olduğunu vurğulayıb.

Onun fikrincə, Azərbaycanda postsovet ölkələri ilə müqayisədə peşəkar jurnalistlər çoxdur, lakin qeyri-peşəkarlar əsl peşəkarlardan on dəfə çoxdur. "Bu problemin həllinin yeganə həll yolu odur ki, Mətbuat Şurası gücləndirilməlidir. Mətbuat Şurasının qərarları məhkəmə qərarlarından ictimai əhəmiyyətli bir qərara çevrilməlidir. Azərbaycan jurnalistləri vahid əxlaq kodeksinə əməl etməlidirlər", - deyən Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına təbriklərini çatdırıb.

"Mən Azərbaycan prezidentinin təbriklərini çatdırıram və cənab prezidentin o fikrini də çatdırıram ki, Azərbaycan mediası özünü inkişaf etdirmək və cəmiyyətimizə layiq jurnalistlər yetişdirmək gücündədir. Mətbuat bu gücü özündə tapmalıdır. Biz də dövlət olaraq jurnalistlərin problemlərinin həlli üçün əlimizdən gələni etməyə hazırıq", - deyə Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti