...

Azərbaycanın futbol üzrə yığma komandasının məşqçisi karyerasını klubda davam etdirmək istəyir

Cəmiyyət Materials 27 İyun 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının seleksiyaçı-məşqçisi Nazim Süleymanov karyerasını yenidən klubda davam etdirmək istəyir. "Klubda baş məşqçi vəzifəsində fəaliyyət göstərib yeni futbolçular yetişdirmək istəyirəm. Amma hələ ki, hansısa klubdan dəvət almamışam. Belə bir dəvət olarsa, yenidən klubda işləmək variantını seçərəm", cümə günü Trend -a Süleymanov bildirib.

Süleymanov uzun müddət futbolçu kimi Azərbaycan yığma komandasında çıxış edib. O, "Anji" klubunda çıxış etdiyi dövrdə bu komanda ilə Rusiya Premyer-Liqasının çempionu adını qazanıb. Süleymanov sonradan baş məşqçi kimi Rusiyanın aşağı divizion klublarında fəaliyyət göstərib. Seleksiyaçı-məşqçi Azərbaycanın "Xəzər-Lənkəran" klubunun ilk baş məşqçisi olub.

Süleymanov bildirib ki, Azərbaycanın yığma komandasında çıxış etmək üçün Almaniyada və başqa bir neçə ölkədə əslən azərbaycanlı olan futbolçu axtarışları aparılır. "Almaniyanın üçüncü divizionunda əslən azərbaycanlı olan bir futbolçumuz var. 16 yaşı olan bu futbolçunun validenynləri ilə danışıq aparıb onu Azərbaycan yığmasına dəvət etməyə çalışacağıq. Bundan sonra Türkiyədə və başqa ölkələrdə də əslən azərbaycanlı olan futbolçuların axtarışına başlayacağıq", - deyə seleksiyaçı-məşqçi əlavə edib.

Süleymanov hazırkı baş məşqçi Berti Foqtsdan əvvəl yığma komandaya bir oyunda rəhbərlik edib. Bu rəhbərlik bu il mart ayının 26-da keçirilən Litva - Azərbaycan oyununda (1:0) olub.

Xəbər lenti

Xəbər lenti