Azərbaycan, Baku, 13 avqust / Trend , T.Cəfərov/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bəyan edib ki, Azərbaycan İranla əlaqələrin inkişafında maraqlıdır.
"Azərbaycanla İran arasında münasibətlərin inkişafının qarşısını heç kəs ala bilməz", Trend -un məlumatına görə, bunu Ərdəbil şəhər icra başçısı Əli Nikzad ilə görüşündə komitə sədri Hidayət Orucov bildirib.
Orucov avqustun 6-dan 13-nə qədər İranda rəsmi səfərdə olub.
Görüşdə Nikzad bildirib ki, İranın Ərdəbil şəhəri ilə Azərbaycan arasında iqtisadi, siyasi və dini əlaqələrin genişlənməsi vacibdir. Onun sözlərinə görə, Ərdəbil vilayəti Azərbaycanla sərhədyanı ticari əlaqələrin inkişafında, eləcə də əkinçilik sahəsində hər cür əməkdaşlığa hazırdır.
Nikzad, həmçinin İran şirkətlərinin Azərbaycan sərgilərində, eləcə də Azərbaycan şirkətlərinin Ərdəbilin beynəlxalq sərgilərində iştirakı üçün şərait yaratmağa hazır olduğunu bildirib.
O, Azərbaycan və İran arasında gömrük rüsumlarının azalması ilə bağlı istəyini ifadə edib.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Orucov səfər çərçivəsində Ərdəbil şəhərinin İmam Cüməsi Həsən Amili ilə də görüş keçirib. Görüşdə İranla Azərbaycan arasında dini əlaqələrin inkişafının vacibliyi bir daha vurğulanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]