...

Azərbaycanın futbol üzrə yığmasının ilk iki oyunda dörd xal qazanması mümkündür – keçmiş baş məşqçi

Cəmiyyət Materials 4 Sentyabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi DÇ-2010-nun seçmə mərhələsinin ilk iki oyununda - Uels və Lixtenşteynlə görüşlərdə dörd xala ümid edir.

"Uelslə görüş seçmə mərhələnin ilk oyunu olduğu üçün Azərbaycan futbolçularında müəyyən psixoloji gərginlik yaradacaq. Amma yığma komandanın son yoxlama oyunları göstərdi ki, biz Uelslə görüşdə yaxşı nəticəyə ümid edə bilərik", cümə axşamı Uels-Azərbaycan oyunu ilə bağlı Trend -a fikirlərini bildirən keçmiş baş məşqçi Vaqif Sadıqov deyib.

Sadıqov fasilələrlə dörd dəfə Azərbaycan yığma komandasının baş məşqçisi olub. Onun rəhbərliyi dövründə yığma komanda daha çox yoldaşlıq oyunlarında uğurlu nəticələr qazanması ilə yadda qalıb.

Keçmiş baş məşqçi bildirib ki, Azərbaycan yığması Uelslə qarşılaşmada əzmkarlıq göstərməklə heç-heçə edə bilər. "Hesab edirəm ki, yığmamızın Uelslə oyunda bir xal qazanması mümkündür. Sonra Bakıda Lixtenşteyni məğlub edib xalımızı dördə yüksəldə bilərik. Bu, seçmə mərhələnin başlanğıcı üçün əla nəticə olar", - deyə Sadıqov əlavə edib.

Azərbaycan yığması sentyabrın 6-da səfərdə Uels, sentyabrın 10-da isə Bakıda Lixtenşteynlə görüşəcək.

Sadıqov qeyd edib ki, Azərbaycan yığması almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərliyi altında yeni oyun sisteminə uyğunlaşmağa çalışır: "Foqts yığma komandanın futbolçularını öz oyun sisteminə uyğunlaşdırmaq istəyir. Bu, vaxt aparan məsələdir. Amma ümid edirəm ki, futbolçularımız tezliklə bu sistemə uyğunlaşacaqlar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti