Azərbaycan,Bakı, 10 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
İnsan haqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququ pozulmuş Azərbaycan vətəndaşına kompensassiya ödənilməsi barədə qərar qəbul edib.
Şikayətçi Valentina Akimova İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda mülkiyyətin müdafiəsi (Maddə 1) hüququnun pozulduğunu iddia edir. Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddətdir ki, istifadə edə bilmir. Akimova mülkiyyət hüququnun bərpası ilə bağlı ölkədaxili məhkəmə instansiyalarına müraciət edib. Apellyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıyıb. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə salınıb.
12 yanvar 2006-cı il tarixli qərarı ilə Avropa Məhkəmsi ərizəni qismən qəbul olunan elan edib və 27 sentyabr 2007-ci ildə isə şikayətə mahiyyəti üzrə baxaraq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu tanıyıb.
Avropa Məhkəməsindən Trend -a verilən məlumata görə, məhkəmənin oktyabrın 9-da dərc olunmuş qərarında qeyd olunub ki, mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş Akimovaya Azərbaycan hökuməti mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı 10 min manat məbləğində kompensassiya ödəməlidir.
Qərarda Akimovanın pozulmuş hüququnun bərpası ilə bağlı Ali Məhkəmənin Pelnumunun bu ilin yanvarında qəbul etdiyi qərarın və martda məcburi köçkün ailəsinin şikayətçinin mənzilindən çıxarılmasının təmin olunması qeyd olunub.
Müəlliflə əlaqə ünvanı - [email protected]