Azərbaycandakı hərbi hospitalda müalicə alan əsgərlərin döyülməsi faktı ilə bağlı iki nəfər həbs olunub
Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycandakı hərbi hospitalda müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürülməsi faktı ilə bağlı iki nəfər həbs olunub.
Çərşənbə axşamı internetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel" tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Görüntü həmin tibb məntəqəsində müalicə olunan başqa bir əsgər tərəfindən mobil telefonun video kamerası ilə çəkilib.
Hərbi mənbələrdən çərşənbə günü Trend -a verilən məlumata görə, saxlanılan şəxslər əsgərləri döydürən "dembel" və həmin görüntüləri videokameraya çəkən əsgərdir.
Hadisənin bu ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalda baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məsələnin araşdırıldığnı və bu faktın Ələtdəki hərbi hospitalda baş verdiyini təsdiqləyib.
Respublika Hərbi Prokurorluqdan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Prokurorluqdan bildirilib ki, hadisə ilə bağlı bir nəfər - Famil Qəniyev həbs edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]