...

Bakıda binada baş verən partlayış zamanı zərərçəkən sakinlərə növbəti dəfə kompensasiyaların ödənilməsi üçün sənəd hazırlanıb

Cəmiyyət Materials 9 Yanvar 2009 14:40 (UTC +04:00)
Bakıda binada baş verən partlayış zamanı zərərçəkən sakinlərə növbəti dəfə kompensasiyaların ödənilməsi üçün sənəd hazırlanıb

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanın paytaxtı Bakıda binada baş verən partlayış zamanı zərərçəkmiş sakinlərə ayrılan kompensasiyalar tam ödənilib, sakinlərə növbəti dəfə kompensasiyaların verilməsi üçün artıq sənədlər hazırlanıb, cümə günü Trend -a Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov deyib

Trend -un arayışı: Dekabrın 13-də səhər saat 08:23 radələrində Nizami rayonu, Naxçıvanı 34 ünvanında, ticarət mərkəzinin qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Hadisə zamanı ölən Tamila Əlirzayevanın və Vitalik Balametovun meyitləri dağıntılar altından çıxarılıb, xəsarət alan Əlirzayeva Aylin, Qurbanova Nurəstə Məhəmməd qızı, Mahmudova Oksana Alekseyevna, Kərimov Ağamir İsa oğlu, Kərimov Şirxan Ataş oğlu, Mürsəlova Afət Hüseyn qızı paytaxtdakı xəstəxanalara yerləşdiriliblər. Dekabrın 18-də xəsarət alan Qurbanova müalicə olunduğu 5 saylı xəstəxanada ölüb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə günü jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Bakı şəhər prokuroru Əziz Seyidov həmin gün Trend -a açıqlamasında faktla bağı Bakı şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin tikinti, mədən və sair işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması, eytiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olduqda (222.3 - cü) maddəsi ilə cinayət işi başlanıldığını və istintaq aparıldığını deyib.

Fövqəladə Hallar Komissiyasının sədri deyib ki, binada partlayış zamanı 45 mənzilə ziyan dəyib. Zərərçəkən şəxslərin yerləşdirilməsi üçün rayon ərazisindəki 172 saylı uşaq bağçası boşaldılıb. 9 ay müddətində partlayış baş verən altı bloklu binanın üç bloku söküləcək və onun yerində beş mərtəbəli eyni mənzil sahəli bina tikiləcək. Həmin müddətdə sakinlərə dövlət tərəfindən kirayə mənzillər tutulacaq.

Binada baş verən partlayış zamanı sakinlərə 122 500 manat ziyan dəyməsi müəyyənləşib. Hadisə zamanı 13 ailəyə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək. Sakinlərin müvəqqəti kirayə evlərin tutulması,  partlayış zamanı ölənlərin yaxınlarına və yaralanan şəxslərə kompensasiyalar verilməsi nəzərdə tutulub və kompensasiyaların ödənilməsi üçün müvafiq dövlət qrumlarında sənədlər təsdiqlənib. Ötən ilin dekabr ayının 30-dan 122 500 manat vəsait sakinlərə verilməsi üçün Beynəlxalq Bankda sakinlərin adlarına açılan hesaba köçürülüb.

Yanvarın 6-dan binanın dağılan hissəsinin yerində yeni blokların inşa olunmasına başlanılıb. Uçan üç blokun yenidən tikilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Həmin ərazi hasara alınıb.

Həsənov bildirib ki, sakinlərə yenidən altı aylıq kompensasiyaların verilməsi haqda sənəd hazırlanıb. "Yaxın günlərdə həmin sənəd təsdiq ediləcək, ona görə də sənədin ümumi məbləği dəqiq bilinmir", - deyə Həsənov qeyd edib.

Həsənov sakinlərin onlara ayrılan pullarla bağlı narazılıq etmələri haqda səslənən fikirlərin əsasız olduğunu deyib. O bildirib ki, dəymiş ziyanın müəyyənləşməsində sakinlər də iştirak ediblər. "Sakinlər dəymiş ziyanın hesablanmasında iştirak ediblər və müəyyən olunan ziyanın miqdarı ilə razılaşıblar. Ümumilikdə ziyan çəkən 45 mənzilin sakinlərinə kompensasiyalar ödənlilib. 13 mənzilin sakinlərinin mənzillərinin dağılmasına, əşyalarının məhv olmasına görə pul ayrılıb. Onlarla birlikdə yerdə qalan sakinlərə isə kirayə evlərin tutulması və köcürülməsi üçün vəsait verilib", - deyə o bildirib. Həsənov Beynəlxalq Bankda sakinlərin adlarına açılan hesaba köçürülən vəsaitin sakinlər tərəfindən alındığını da qeyd edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti