...

Beynəlxalq Muğam Festivalı Azərbaycanı muğamın paytaxtı kimi tanıtmağa imkan verəcək - Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi

Cəmiyyət Materials 7 Mart 2009 13:10 (UTC +04:00)
Beynəlxalq Muğam Festivalı Azərbaycanı muğamın paytaxtı kimi tanıtmağa imkan verəcək - Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda martın 18-dən 25-dək keçiriləcək Beynəlxalq Muğam Festivalı Azərbaycanı muğamın paytaxtı kimi tanıtmağa imkan verəcək, şənbə günü Təhsil Nazirliyində "Muğam aləmi" Beynəlxalq Musiqi Festivalının təşkili ilə bağlı keçirilən mətbuat konfransında Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi deyib.

Dünyada ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondunun prezidenti, YUNECKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək.

Beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək nümayəndələr fevral ayında start götürən və martın 9-da yekunlaşacaq Birinci Respublika Muğam Müsabiqəsində seçiləcək.

Kərimi bildirib ki, müsabiqədə iştirak etmək üçün 104 nəfər müraciət edib və onlardan 27 nəfər birinci tura buraxılıb.

Birinci turun 10 nəfər qalibi isə martın 9-da keçiriləcək 3-cü turda iştirak etmək hüququ qazanıb.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Beynəlxalq Muğam Festivalı ənənəvi hal alacaq və hər iki ildən bir təşkil olunacaq.

Festivalda iştirak etmək üçün 40-a yaxın dövlətdən nümayəndə dəvət olunub.

Müsabiqə iştirakçıları arasında İran, İraq, Hindistan, Suriya, Çin, Mərakeş, Misir, Özbəkistan, İtaliya nümayəndələri də olacaq.

Festivalın açılışında YUNESKO-nun Baş direktoru Koiçiro Matsuura iştirak edəcək.

Festival çərçivəsində muğam sahəsində dünya şöhrətli alimlər, musiqiçilərin iştirakı ilə "Beynəlxalq Muğam Aləmi" mövzusunda simpozium keçiriləcək.

Muğamın 7 dəstgahı Azərbaycanın ən məşhur muğam ifaçılarının iştirakı ilə keçiriləcək konsertdə canlı ifa olunacaq.

Festivala martın 25-də Heydər Əliyev Sarayında təşkil olunacaq tədbirdə yekun vurulacaq.

Festivalın qalibləri Azərbaycan, Almaniya, Türkiyə, YUNESKO, Niderland nümayəndələrinin iştirakı ilə formalaşdırılan münsiflər heyəti tərəfindən seçiləcək.

Festivalın qalibi - Grand Prix mükafatçısı 20 min, birinci yerin sahibinə 15, ikinci yerin sahibinə 10, üçüncü yerin sahibinə isə 5 min avro məbləğində pul mükafatı veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti