...

Qafqaz Müsəlmanları İdarəsinin sədri MDB müsəlmanlarının Məsləhət Şurasını yaratmağı təklif edib

Cəmiyyət Materials 17 İyun 2009 14:22 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri MDB müsəlmanlarının Məsləhət Şurasını yaratmağı təklif edib

Rusiya, Moskva, 17 iyun / Trend , müxbir İ.Braqina /

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxul İslam Allahşükür Paşazadə MDB müsəlmanlarının Məsləhət Şurasını yaratmağı təklif edib.

"Heyətinə hörmətli müftilər, din, elm və mədəniyyət xadimlərinin daxil olduğu MDB müsəlmanlarının Məsləhət Şurasını yaratmağı və bu orqanın illik iclasını keçirməyi təklif edirəm. Hesab edirəm ki, MDB məkanının müsəlman icması liderlərinin görüşü bizə onların həyatı ilə bağlı aktual dini məsələləri daha tez-tez müzakirə etmək, ən əsası isə onları operativ həll etmək imkanı verəcək. Bu addım bizim səylərimizin koordinasiyası baxımından qiymətsiz olardı", - bu gün Moskvada Paşazadə deyib.

Bu gün MDB ölkələrinin müsəlman liderləri "MDB müsəlmanları konfessiyalar və millətlərarası həmrəyliyin tərəfdarıdır" mövzusunda elmi-praktiki konfrans keçiriblər. Konfrans Qafqaz müsəlmanlarının Ali Şurası, beynəlxalq islam missiyasının təşəbbüsü ilə keçirilib. Konfransda 8 MDB ölkəsindən 40 müsəlman din xadimi və Rusiyanın ənənəvi konfessiyalarının başçıları iştirak edirlər.

Konfransda Rusiya Prezidenti Dmitri Medvedyev və Azərbaycan Prezidenti İlham Əliyevin salamlama məktubları oxunub. Əsas məruzə ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB-nin Dinlərarası Şurasının həmsədri Paşazadə çıxış edib.

Onun sözlərinə görə, son 18 ildə ilk dəfə belə yüksək səviyyədə və belə geniş miqyasda görüş keçirmək mümkün olub.

Paşazadə konfessiyalararası münasibətlərin qorunması üçün çox işlər görmüş mərhum Moskva və Ümumrusiya patriarxı II Aleksinin xatirəsini yad edib.

"MDB məkanı - bir zamanlar vahid bir dövlətin vətəndaşları olmuş müsəlmanlar üçün doğmadır və MDB ölkələri arasında yaxşı münasibətlər vacib tarixi nailiyyətdir", - o deyib.

Onun sözlərinə görə, MDB məkanının dini liderləri dövlətlərin ərazi bütövlüyünə, təhülkəsizlik və sabitliyinə təcavüz edən qüvvələrə qarşı inamla mübarizə aparırlar. "Dərindən əminəm ki, MDB məkanının düşünülmüş məkrli dini təcavüzünün qarşısını yalnız dövlət və dini təşkilatlarımızın səylərini birləşdirərək səmərəli şəkildə ala bilərik", - Paşazadə bildirib.

Onun sözlərinə görə, dünyanın bir sıra regionlarında müsəlmanları ekstremist, fundamentalist kimi təqdim etməyə çalışan, islamın mahiyyətini bilərəkdən təhrif edən qüvvələr var. İslam isə terror və ekstremizmi onun bütün təzahürlərində qəbul etməyən dünyəvi dindir. 

Paşazadə öz nitqində Qarabağ probleminə də toxunub. "Biz Yaradana yalvarırıq ki, Azərbaycan və Ermənistan başçıları bütün çətinlik və ziddiyyətləri səbrli şəkildə arxada qoyaraq, qarşılıqlı münasib qərara nail olsunlar", - o bildirib.

Paşazadə əmindir ki, bugünkü kimi görüşlər yalnız mövcud dini əlaqələrin möhkəmlənməsinə deyil, həm də onun bütün müsəlmanların rifahı naminə dərinləşməsi və genişlənməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti