Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi işində müəyyən uğurlar əldə olunub. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia uşaq hüquqlarının qorunmasına həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, bu sahədə əldə olunan uğurlara baxmayaraq, bəzi problemlər hələ də açıq qalır. "Biz Azərbaycan Parlamenti ilə birlikdə bu istiqamətdə işləmək istəyirik. Aİ və UNİSEF uşaqların ölkənin sağlam vətəndaşları kimi böyümələri üçün Azərbaycan cəmiyyətinin onların qayğısına daha çox qalmasında maraqlıdır", - o deyib.
YUNİSEF və Aİ-nin məqsədi uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır. Bu barədə YUNİSEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard deyib. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan hökuməti ilə uğurlu fəaliyyət həyata keçirilir.
Azərbaycan Parlamentinin Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli öz çıxışında qeyd edib ki, Azərbaycan uşaq hüquqları üzrə beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdəndir. Onun sözlərinə görə, mayın 7-də Azərbaycan Parlamenti uşaq hüquqlarının müdafiəsi üzrə daha bir beynəlxalq konvensiyaya qoşulacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, hazırda ölkədə uşaq hüquqlarının müdafiəsinə dair 30-dan çox proqram həyata keçirilir. "Azərbaycanda uşaqların vəziyyətini əks etdirən informasiya bazası yaradılıb", - Hüseynova deyib. - "Biz əminik ki, uşaqların və gənclərin sosial müdafiəsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar bu sahədə mühüm irəliləyiş üçün şərait yaradacaq", - Hüseynova vurğulayıb.