...

Azərbaycandan Həcc ziyarətinə 2 000 nəfərin getməsi gözlənilir - Qafqaz Müsəlmanları İdarəsi

Cəmiyyət Materials 8 İyul 2010 14:15 (UTC +04:00)
Azərbaycandan Həcc ziyarətinə gedənlərin kvotası və marşrutunda dəyişiklik olunmayıb.
Azərbaycandan Həcc ziyarətinə 2 000 nəfərin getməsi gözlənilir - Qafqaz Müsəlmanları İdarəsi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycandan Həcc ziyarətinə gedənlərin kvotası və marşrutunda dəyişiklik olunmayıb.

"Növbəti Həcc ziyarəti mövsümünə sənəd qəbulu hazırda davam edir və sentyabr ayının əvvəllərinə qədər sənəd qəbulu davam edəcək. Ümumilikdə, Həcc kvotasında heç bir dəyişiklik olmayıb, keçən il olduğu kimi, bu il də 2 000 nəfərin Həcc ziyarətinə yola düşəcəyi gözlənilir. Qiymətlərdə də elə bir dəyişiklik yoxdur, təyyarə ilə gedənlər üçün 3 500 manat, avtobusla yola düşmək istəyənlər üçün isə 2 500 manat nəzərdə tutulub", - bunu cümə axşamı Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Dadaşova deyib ki, avtobusların marşrutu ötən il olduğu kimi, yenə də Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı istiqamətidir. Azərbaycandan gedənlərin Suriyada da olan müqəddəs ziyarətgahları (məkanları) ziyarət etmək imkanları olacaq.

QMİ rəsmisi deyib ki, ziyarətə gedənlərə bu il yaş məhdudiyyəti qoyulmayacaq.

"Bu il yoluxucu xəstəliklər yayılmadığından, hər hansı yaş həddinin qoyulmasi nəzərdə tutulmur. Lakin mövsümi qriplə bağlı həmişə müəyyən vaksinasiya aparılıb. Hər il Həcc mövsümü üçün Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanının müvafiq nazirliyi ilə protokol imzalayır. Bu baxımdan, bizim idarə Səudiyyə Ərəbistanı hökuməti ilə bağladığı protokolda nələr nəzərdə tutulubsa, ona uyğun da hərəkət edir", - Dadaşova əlavə edib.

Xəbər lenti

Xəbər lenti