...

Yaxın 10 gündə Azərbaycanda bukmeker kontorları fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 6 Sentyabr 2010 16:17 (UTC +04:00)
Yaxın 10 gündə Azərbaycanda bukmeker kontorları fəaliyyətə başlayacaq. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Yaxın 10 gündə Azərbaycanda bukmeker kontorları fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Yaxın 10 gündə Azərbaycanda bukmeker kontorları fəaliyyətə başlayacaq. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bu işlərlə məşğul olan "Azinteltek" strukturu 300-dək post-terminal hazırlayıb və bu avadanlığın idarə olunması üzrə treninqlər aparılır", - nazir bildirib.

Onun sözlərinə görə, Vergilər və Maliyyə nazirlikləri kontorların fəaliyyətinə qoyulacaq verginin altı faizədək təşkil edəcəyi barədə razılığa gəliblər.

Rəhimovun sözlərinə görə, indiydək qanunsuz əsasda işləyən bütün kontor və məntəqələr fəaliyyətini dayandıracaq.

Nazir qeyd edib ki, futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları totalizatorlara (idman mərc oyunlarına) daxil edilməyəcək.

Azərbaycan hökuməti avqustun 23-də idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsini müəyyən edib.

Qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi 4,2 faiz həcmində müəyyən edilib.

Bu ildən etibarən ölkədə idman totalizatorlarının fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə totalizatorların fəaliyyətini həyata keçirəcək "Azəridmanservis" idarəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti