...

Azərbaycanda zərərli radon qazının yayılma coğrafiyasının öyrənilməsi məqsədi ilə tədqiqatlar aparılacaq (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2010 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda zərərli radon qazının yayılma coğrafiyasının öyrənilməsi məqsədi ilə tədqiqatlar aparılacaq. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, bu layihə AMEA-nın İsveçrə Qrant Fondu ilə əməkdaşlığı sayəsində həyata keçiriləcək. "Azərbaycanın böyük şəhərlərində radon qazının aktivliyini öyrənmək məqsədi ilə detektorlar quraşdırılacaq. İkiillik layihə çərçivəsində Azərbaycanda radon qazının yayılma coğrafiyasının əks olunacağı kadastr hazırlanacaq", - Əlizadə deyib.

İsveçrənin Tətbiqi Emlər Universitetinin mütəxəssisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Klaudio Valsangiakomo öz çıxışı zamanı radon qazının insan orqanizmi üçün zərərləri və bu qazın mənzillərdə yayılmasının qarşısının alınması tədbirləri haqqında söz açıb. O qeyd edib ki, Radon qoxusuz, rəngsiz və dadsız, kimyəvi cəhətdən inert təbii radioaktiv qazdır. O, torpaq və süxurlardakı təbii radionuklidlərin (uran, torium) parçalanması nəticəsində əmələ gəlir və həmən süxurlarda məskunlaşır. Radona suyun və yeraltı qazların tərkibində də rast gəlmək olar.

BMT-nin Elm komitəsinin məlumatına görə, ağciyər xərçənginin yaranmasının 10-20 faizə qədəri radonun orqanizmə təsiri ilə bağlıdır. Radon binalara çatlar, döşəmə və divarlar arasındakı yarıqlar və s. yollarla daxil olur. Adətən radonun konsentrasiyası zirzəmi, anbar və binanın birinci mərtəbələrində daha yüksək olur.

Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev və Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin radioloji gigiyena şöbəsinin rəhbəri Həşim Həşimov layihənin əhəmiyyətindən söz açıblar.

Xəbər lenti

Xəbər lenti