Özbəkistanın "Jahon" Dövlət İnformasiya Agentliyi və Trend Beynəlxalq İnformasiya Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq barədə saziş imzalanıb.
Müqavilə 1996-cı ilin mayında Azərbaycan və Özbəkistan hökumətləri arasında imzalanmış elm, texnika və informasiya sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində bağlanıb.
Sənədə görə, tərəflər Özbəkistan və Azərbaycan ərazisində və onların hüdudlarından kənarda siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyat haqqında operativ informasiyaların, analitik materialların, eləcə də fotoşəkillərin müntəzəm şəkildə mübadiləsini həyata keçirəcəklər. Tərəflər, həmçinin dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinin, eləcə də iki ölkə ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərin informasiya dəstəyinin təşkili və təminatında sıx əməkdaşlıq etmək fikrindədirlər.
Özbəkistan Respublikası XİN yanında fəaliyyət göstərən "Jahon" İA 1995-ci ilin noyabrında Özbəkistanda həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların gedişi, demokratikləşmə prosesləri, milli və beynəlxalq informasiya agentliklərilə tərəfdaşlığın inkişafı, respublikanın dünya informasiya cəmiyyətinə inteqrasiyası proseslərinin sürətləndirilməsi barədə obyektiv informasiyanın yayılması məqsədilə yaradılıb. Agentlik Özbəkistanda ölkənin xarici dövlətlərdəki diplomatik missiyaları yanında müxbir məntəqələri şəbəkəsinə malik olan yeganə KİV-dir.
1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Agentlik hər gün beş dildə - ingilis, rus, Azərbaycan, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimediya materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.