Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Norveçin ölkəmizdəki səfiri Erlinq Şönsberqi qəbul edib. Bu barədə bazar ertəsi Ombudsman Aparatının məlumatında deyilir.
Görüş zamanı Azərbaycanın Avropaya inteqrasiya yolunu seçdiyi və çoxsaylı beynəlxalq konvensiyaya qoşulduğu, ölkəmizdə nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığa, həmçinin "Şərq tərəfdaşlığı"na yüksək qiymət verildiyi, həyata keçirilən birgə layihələrdə ombudsmanın da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Ombudsmanın insan hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, səlahiyyətləri haqqında qonağa ətraflı məlumat verilib.
Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra edildiyi, bu planın insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığı, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun Azərbaycan tərəfindən ratifikasiya olunduğu diqqətə çatdırılıb.
Səfir Erlinq Şönsberq Azərbaycan ombudsmanı ilə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmağın faydalı olduğunu bildirib.
Süleymanova ölkəmizdə 86 milli azlıq və etnik qrupun yaşadığını, onların heç bir ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmadığını deyib.
Tanışlıq məqsədi daşıyan görüş fikir mübadiləsi şəraitində keçib, qonaq səmimi qəbul üçün təşəkkürünü bildirib, gələcək əməkdaşlığa inamını ifadə edib.