...

Dövlət Sosial Müdafiə Fondu gələn il üçün pensiya islahatlarını açıqladı

Cəmiyyət Materials 29 Dekabr 2010 11:28 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsi daha da gücləndirilib, pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla gercəkləşdirilib
Dövlət Sosial Müdafiə Fondu gələn il üçün pensiya islahatlarını açıqladı

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir M.Əliyev/ 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsi daha da gücləndirilib, pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla gercəkləşdirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İcrimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev çərşənbə günü Trend-ə bildirib ki, başa vurmaqda olduğumuz cari ildə cənab Prezidentin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı DSMF tərəfindən icra olunub.

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilib, 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb, Prezidentin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə 1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 500 manat, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat birdəfəlik maddi yardım edilib, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Sərəncamla 1 sentyabr 2010-cu il tarixdən əmək pensiyalarının baza hissəsi 13,3 faiz artırılaraq 75 manatdan 85 manata qaldırılıb.
 
İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.

Bu il "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün müvafiq addımlar atılıb. Əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin 2010-cu ildə də müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilib. 2010-cu il 3-5 mart tarixlərində Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda DSMF "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) fəxri fərmanı ilə təltif edilmişdir. 2010-cu ilin 29 noyabr-04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda BSTA-nın MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması qərara alınıb.

Dekabrda isə BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlayıb.  

Qarşıdan gələn 2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcəkdir. Bu baxımdan DSMF-nin 2011-cu il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir. Növbəti ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur.  2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 mln. manat çoxdur.  Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 faiz və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29 faiz təşkil edəcəkdir.

2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş proqnozuna nisbətən 18,7 faiz və 10,2 mln. manat çoxdur.

Qarşıdan gələn ildə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcəkdir. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, DSMF-nin aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm vəzifələr daxildir.

Xəbər lenti

Xəbər lenti