...

20 Yanvar faciəsinin günahkarı Mixail Qorbaçov beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır – tarixçi alim

Cəmiyyət Materials 17 Yanvar 2011 13:16 (UTC +04:00)
20 Yanvar faciəsinin baş verməsində ən böyük məsuliyyət o dövrdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi işləmiş Mixail Qorbaçovun üzərinə düşür və o, beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır.
20 Yanvar faciəsinin günahkarı Mixail Qorbaçov beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır – tarixçi alim

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir T.Hacıyev/

20 Yanvar faciəsinin baş verməsində ən böyük məsuliyyət o dövrdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi işləmiş Mixail Qorbaçovun üzərinə düşür və o, beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır. Bu barədə bazar ertəsi Trend-ə tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirib.

"Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin məsələ partiyanın yüksək orqanı sayılan siyasi büroda müzakirə olunmuşdu, bilavasitə Müdafiə Nazirliyinə bu qərarın icrası tapşırılmışdı və dinc şəraitdə olan Bakı müharibə metodları ilə işğal edilmişdi. Vətəndaşlar həmin dövrdə təsəvvür etmirdilər ki, onların ordusu onlara qarşı belə bir hərəkət edə bilər. Çünki hələ də Sovet dövləti var idi, bu dövlətin ordusunda xidmət edənlər Sovet vətəndaşları idi, bu işğala məruz qalan da sovet şəhəri, güllələnənlər isə sovet adamları idi", - Həsənli əlavə edib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Tarixçi alim deyib ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəldilmiş cinayət idi və cinayətkarların cəzalandırılması hələ də gec deyil.

"Bu hadisənin üstündən 21 il keçməsinə baxmayaraq, cinayətkarların öz cəzalarına çatması hələ də gec deyil. Bunun üçün bütün sənədlər mövcuddur. Azərbaycan tərəfi qanunla cinayətkarların cəzalanmasını tələb edə bilər", - Həsənli vurğulayıb.

Onun sözlərinə görə, o dövrdə həmin cinayətin düzgün araşdırılmamasının səbəblərindən biri də həmin cinayəti törətmiş adamların yüksək vəzifə tutmaları ilə bağlı idi.

"Həmin şəxslər uzun müddət yüksək vəzifələrdə təmsil olunublar. Onların yüksək vəzifələrdə təmsil olunması bu işin hüquqi aspektlərinin açılması, cinayətkarların cəzalandırılması yolunda duran ən başlıca maneə idi. Sonradan bu prosesdə iştirak edən şəxslər uzun müddət Rusiya  Federasiyasında yüksək vəzifələr tutdular", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti