...

Azərbaycan Müdafiə Nazirliyi jurnalistlərə Ordudan məlumatlar yazarkən diqqətli olmağı tövsiyyə edir

Cəmiyyət Materials 25 Fevral 2011 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi jurnalistlərə Ordu ilə bağlı məlumatlar yazarkən diqqətli olmağı tövsiyyə edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə günü Trend-ə bildirib ki, baş verən hansısa hadisə ilə bağlı bütövlükdə Ordunu günahlandırmaq doğru münasibət sayıla bilməz.

"Əslində bir itki belə, bizim üçün ağırdır. Onun məsuliyyətini, valideynlərin çəkdiyi dərdi və əzabı tamamilə başa düşür, hətta özümüzü onların yerinə qoyanda hər şeyi lap dərindən dərk etmiş oluruq. Amma bu zaman Silahlı Qüvvələrimizin "ayağına zəncir vurulmasına" qətiyyən imkan vermək olmaz", - xidmət rəisi vurğulayıb.

Sabiroğli Azərbaycan Ordusu ilə bağlı mətbuatda həqiqətə uyğun olmayan məlumatların yayılmasından təəssüflənir və qeyd edir ki, bu məlumatlar sonradan erməni mətbuatı tərəfindən Azərbaycan əleyhinə istifadə olunur.

"Son günlər bəzi mətbuat orqanlarımızda hansı təhlillər aparılırsa, hamısını nöqtəsinə, vergülünə toxunmadan erməni mətbuatı dərc edir. Özləri demək olar ki, heç bir şərh vermirlər. Görünür, bizdəki yazı-pozular, bəyanatlar, arxivlərin yenidən səhifələrə köçürülməsi və digər yanaşmalar onlar üçün kifayət edir. Biz bunu yolverilməz hesab edirik", - Sabiroğlu deyib.

Sabiroğlu Müdafiə Nazirliyinin jurnalist araşdırmalarına, tədqiqatlarına hörmətlə yanaşdığını qeyd edərək, Ordu ilə bağlı məlumatlar yazarkən jurnalistləri diqqətli və səbrli olmağa çağırıb.

O, Ordumuzu aşağılayan fikirlərin qarşısını almağın hər birimizin mənəvi borcu olduğunu vurğulayaraq bildirib ki, Silahlı Qüvvələrimizin zəifləməsindən biz itirə bilərik, düşmən isə qazana bilər.

Nazirlik sözçüsü hərbi hissədəki məlum hadisə ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat verildiyini də qeyd edib.
Onun sözlərinə görə, məlum hadisə ilə bağlı yekun fikir söyləmək istintaqın nəticəsi tam dəqiqləşdirldikdən sonra mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti