...

Azərbaycanda yeniyetmələrin ilkin hərbi hazırlığı üçün müasir silahlar alınıb

Cəmiyyət Materials 16 Mart 2011 13:21 (UTC +04:00)
Azərbaycan yeniyetmələrinin ilkin hərbi hazırlığını həyata keçirmək üçün ən müasir silahlar alınıb.
Azərbaycanda yeniyetmələrin ilkin hərbi hazırlığı üçün müasir silahlar alınıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan yeniyetmələrinin ilkin hərbi hazırlığını həyata keçirmək üçün ən müasir silahlar alınıb. Bu barədə Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.

Onun sözlərinə görə, hazırda gənclərin alınmış texnika ilə öyrədilməsi davam etdirilir.

"Bundan əlavə, biz gənclərdə cəsurluq, mərdlik hissləri yaratmaq üçün onların paraşütdən tullanmalarını təşkil edirik. Çünki paraşüt elə bir idman növüdür ki, onunla məşğul olan yeniyetmə gələcəkdə cəsur bir hərbçi kimi formalaşır və həmin gəncin heç nədən qorxusu olmur", - Orucov əlavə edib.

O, qeyd edib ki, mart ayının sonlarına qədər snayper kursları açılacaq. Orucov bildirib ki, qısa müddət ərzində 200 nəfərdən çox gənc və yeniyetmə həmin kurslarda iştirak etmək üçün müraciət ediblər.

"Snayper kurslarına böyük maraq var. Valideyinlər istəyirlər ki, övladları bu kurslarda iştirak etsinlər. Kursların fəaliyyətə başlaması üçün bütün şərait yaradılıb. Bu kurslarda atıcılıqla yanaşı topoqrafiya, əlbəyaxa döyüş və hüquq dərsləri keçiləcək. Bununla yanaşı, yeniyetmələrə nəzəri dərslər də keçiriləcək. Bu bölümdə silahın texniki xüsusiyyətləri ilə bağlı yeniyetmələrə məlumat veriləcək", - general-mayor deyib.

Orucovun sözlərinə görə, snayper kurslarında əsasən Droqunov tüfəngindən (SVD) istifadə olunacaq.

"SVD ilə yanaşı yeniyetmələrə Azərbaycan istehsalı olan "İstiqlal" tüfəngləri ilə də təlimlər keçiləcək", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti