...

Bakıda keçmiş "Gənclik" dairəsində müvəqqəti işıqforlar quraşdırılıb

Cəmiyyət Materials 23 Aprel 2011 12:14 (UTC +04:00)
Bakıda "Gənclik" metrostansiyası ətrafında yeni yol qovşağının tikintisi ilə əlaqədar ərazidəki küçələrə yeni işıqforlar və yol hərəkət nişanları quraşdırılıb.
Bakıda keçmiş "Gənclik" dairəsində müvəqqəti işıqforlar quraşdırılıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Gənclik" metrostansiyası ətrafında yeni yol qovşağının tikintisi ilə əlaqədar ərazidəki küçələrə yeni işıqforlar və yol hərəkət nişanları quraşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol qəza hadisələrinin qarşısının alınması və tıxacların aradan qaldırılması məqsədilə ərazidə təmir-tikinti işləri başa çatana qədər bir neçə küçədə işıqforlar quraşdırılıb.

İşıqforlar Atatürk küçəsindən gələndə, istifadəyə verilmiş yeraltı keçidin arxa hissəsində, sola Fətəli Xan Xoyski, Atatürk prospektindən sağa Molla Pənah Vaqif Küçəsi, Fətəli Xan Xoyski küçəsindən Vaqif küçəsi istiqamətlərində quraşdırılıb.

Fətəli Xan Xoyski küçəsində Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı işıqfor isə götürülüb.

Əsədov bildirib ki, yeni yol nişanları və işıqforlar tikintini aparan şirkətin müvafiq quruma müraciəti əsasında onların vəsaiti hesabına quraşdırılıb.

Yol polisi bu istiqamətlərdə hərəkət edən sürücülərdən diqqətli olmağı, işıqforun tələblərinə uyğun olaraq hərəkətlərini tənzimləmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti