...

"Azərkosmos" Bakı Dövlət Universitetindən kadr istəyib

Cəmiyyət Materials 5 May 2011 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev BDU-nun rektoru, akademik Abel Məhərrəmova müraciət ünvanlayıb.

Trend-in Bakı Dövlət Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilib ki, "Azərkosmos" ASC-nin normal iş fəaliyyətinin təmin edilməsi məqsədilə yüksək ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi və onların müvafiq təlimlər keçdikdən sonra cəmiyyətdə işlə təmin olunmaları ASC-nin ən vacib məsələlərindəndir. Bu baxımdan respublikanın ən qabaqcıl tədris müəssisələrindən olan və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müstəsna rolu olan BDU ilə əməkdaşlığa xüsusi önəm verən qurum universitetin Tətbiqi-riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat və Fizika fakültələrində bakalavr və magistr pillələrinin son kursunda təhsil alan tələbələrin işlə təmin edilməsində maraqlıdır.

Bu məqsədlə Açıq Səhmdar Cəmiyyətin nümayəndələri BDU-da olub, adıçəkilən fakültələrin tələbələri ilə görüşüblər. "Azərkosmos" haqqında tələbələrə ətraflı məlumat verilib, işlə təmin olunacaqları təqdirdə görəcəkləri işlərlə bağlı məlumatlandırılıblar. Məlum olub ki, ASC-nin standartlarına cavab verən bir neçə BDU tələbəsi artıq adıçəkilən qurumda işlə təmin olunub və proses davam edir.

"Azərkosmos" ASC Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti