Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Gənclər və İdman Nazirliyi bu ilin iyun ayında Bakıda "Gənclər təşkilatlarının IV Respublika Sərgisi"ni təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Sərginin keçirilməsində məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliği və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılmasıdır.
Sərgidə hər bir təşkilat üçün 8 kvadrat metr sahə ayrılacaq və ayrılmış sahələrdə stendlər quraşdırılacaq. Tədbirdə iştirak edəcək gənclər təşkilatları onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar.
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını dolduraraq 31 may 2011-ci ilədək nazirliyə təqdim etməlidirlər.