Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Ağsu rayonunda XVIII əsrə aid inzibati binanın qalıqları aşkar olunub. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının rəis müavini Fariz Xəlilli bildirib.
Xəlilli qeyd edib ki, həmin ərazidə arxeoloji qazıntılar 2010-cu ilin martından aparılır.
"Hazırda geniş ərazi olan beşinci sahə arxeoloji cəhətdən öyrənilir. Həmin ərazidə bir sıra tikinti qalıqları ortaya çıxıb. O cümlədən XVIII əsrə aid küçələr, istehsalat ocaqları. ətrafı daşla hörülmüş su quyuları, su və kanalizasiya xətləri aşkarlanıb. Ən maraqlısı odur ki, təxminən 500 kvadrat metri əhatə edən nəhəng inzibati binanın qalıqları aşkar olunub. Bu binanın ortasında hərəsində 15 sütun olmaqla dörd cərgə olub. 60-a yaxın sütun altlıqları aşkar edilib. Həmin binanın yerindən çoxlu kirəmit qalıqları aşkar olunub. Binanın təyinatını müəyyənləşdirmək bir qədər çətindir. Bu, araşdırmalar nəticəsində mümkün olacaq", - Xəlili əlavə edib.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda aparılmış tədqiqatlar zamanı bu böyüklükdə sütunlu bina aşkar edilməyib.
"Düzdür, ayrı-ayrı yerlərdə daş sütun altlıqları tapılıb, ancaq bir yerdə 50-60 ədəd sütun altlığının tapılması müşahidə olunmayıb", - Xəlilli deyib.
Azərbaycanda qədim inzibati binanın qalıqları tapılıb