Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı keçirilən imtahanların nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, imtahan verən 442 nəfərdən 299-u 60 və daha yüksək bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 12 nəfər imtahanda iştirak etməyib.
Bu gün Azərbaycan Texniki Universitetində prokurorluq orqanlarında 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar müsabiqənin test imtahan mərhələsi keçirilib.
Müsabiqədə iştirak etmək üçün 454 nəfər sənəd verib.
Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Baş Prokurorluq tərəfindən 863 sualdan ibarət test toplusu hazırlanıb və TQDK tərəfindən çap olunaraq namizədlərin istifadəsinə verilib.
Üç saat davam edən imtahanda namizədlər 100 sualı cavablandırıb.
Namizədlərə təqdim edilən ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edib. Bu sualların hər biri 1 balla qiymətləndirilib.
Sualların 20-si isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0,5 balla qiymətləndirilib.