...

Polis əməkdaşları üçün seminarlar keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2011 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, İnsan Alverinə Qarşı Mübarizə İdarəsində və Bakı şəhər Baş Polis İdarəsində "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi prosesində hüquq mühafizə orqanlarının rolu" mövzusunda seminarlar keçirilib. Bu barədə Trend-ə Azərbaycan Hüquqşünaslar Konfederasiyasından (AHK) məlumat verilib.

Seminarlar Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, AHK-nın birgə təşkilatçılığı ilə baş tutub.

Seminarlarda Konstitusiya Məhkəməsinin hakimi, AHK idarə heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova çıxış ediblər.

Qaracayev bu sahədə qəbul edilən beynəlxalq sənədlər, problemlə mübarizədə beynəlxalq təcrübə barədə seminar iştirakçılarını məlumatlandırıb.

İbrahimova məişət zorakılığı ilə mübarizə sahəsində hökumətin siyasəti, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun əsas müddəaları barədə geniş məlumat verib.

Seminarlar zamanı müzakirələrə geniş yer ayrılıb və qanunun tətbiqi zamanı meydana çıxa biləcək problemlər və onların həlli istiqamətində daxili işlər orqanlarının əməkdaşlarının fikirləri dinlənilib.

Ekspert qismində iştirak edən Qaracayev və İbrahimova keçirilən seminarları yüksək dəyərləndiriblər və daxili işlər orqanları əməkdaşlarının seminarlarda iştirak edən nümayəndələrinin kifayət qədər hazırlıqlı olduqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti