...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqın dövlətçilik ənənələrinin göstəricisidir - deputat

Cəmiyyət Materials 24 May 2011 16:26 (UTC +04:00)
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının dövlətçilik ənənələrinin göstəricisidir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqın dövlətçilik ənənələrinin göstəricisidir - deputat

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Hacıyev/

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının dövlətçilik ənənələrinin göstəricisidir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

"28 may bizim üçün çox əziz və şərəfli bir gündür. Biz sevinirik ki, müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik cümhuriyyət yaradılıb. Bu cümhuriyyətinin yaradılmasının tarixi kökləri var. Belə bir dövlətin yaradılması üçün ilkin şərtlər olmalıdır. Bu şərtlər dövlətçilik ənənələrinin, yetişmiş kadrların, millətini və dövlətini sevən insanların mövcud olması, onların demokratik fikirlərə yiyələnməsi və demokratik dəyərləri qiymətləndirməklə belə bir cümhuriyyət qurmaq əzminin olmasıdır", - Sadıqov əlavə edib.

O qeyd edib ki, ADR-in ömrü qısa olsa da, həmin dövrdə Azərbaycan tarixi üçün mühüm nailiyətlərə imza atılıb.

"23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti dövründə həm ölkənin dünya miqyasında tanıdılması, həm Azərbaycanla digər dövlətlər arasında diplomatik və siyasi münasibətlərin qurulması, qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb", - millət vəkili vurğulayıb.

Sadıqov bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmlənib.

"Müstəqilliyimizin bərpa olunmasından sonra xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin yaşanmasına yol vermədi. Ulu öndər Azərbaycanın müstəqilliyini əbədiliyə, dönməzliyə çevirdi. Məhz ulu öndər Heydər Əliyevin dövründə Azərbaycanda ADR zamanında başladılmış işlər davam etdirildi", - Sadıqov qeyd edib.

Millət vəkili onu da bildirib ki, 1918-1920-ci illərdə ADR-in mövcud olduğu dövrlər Azərbaycan tarixinin şanlı səhifəsidir.

1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Xalq Cümhuriyyəti süquta uğradı.

Xəbər lenti

Xəbər lenti