...

Azərbaycanda məişət zorakılığı ilə mübarizədə KİV-in rolu müzakirə olunub

Cəmiyyət Materials 25 May 2011 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Məişət zorakılığına məruz qalan şəxs öz hüquqlarının müdafiəsinə qalxmazsa, hüquq-mühafizə orqanlarına müraciət etməzsə, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi effektli nəticə verməyəcək.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə "Məişət zorakılığı ilə mübarizədə KİV-in rolu" mövzusunda təşkil etdiyi "dəyirmi masa"da Milli Məslisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

"Zorən həmin ailənin mühitinə daxil olub zorakılığa məruz qalan şəxsin hüquqlarını müdafiə etmək doğru olmazdı. Konkret insanın iradəsi ortaya qoyulmalıdır. Zorakılığa məruz qalmaq istəyib-istəməməsini həmin şəxs özü müəyyən etməlidir", - Aslanova qeyd edib.

Komitə sədri gender problemi və məişət zorakılığının KİV-də düzgün işıqlandırılmadığını bildirib və qeyd edib ki, ailə daxilində baş verən zorakılıqlar, cinayətlər TV-lərdə emosional şəkildə təqdim olunur. Onun fikrincə, problemin bu şəkildə cəmiyyətə təqdim olunması insanlarda psixoloji problemlər yaradır.

7 televiziya kanalında və 18 qəzetdə bu problemə həsr olunan məlumatların monitorinqinin aparıldığını deyən millət vəkili bildirib ki, 1 il ərzində TV-lərdə bu mövzuda 110 veriliş və reportaj yayımlanıb. Qəzetlərdə isə 142 məlumat və araşdırma yazılar dərc olunub.

Yayımlanan materialların həddən az olduğunu deyən Aslanova onların keyfiyyətinin də aşağı olduğunu vurğulayıb.

O qeyd edib ki, monitorinq zamanı mətbuatın daha çox valideyn və uşaqlar arasında olan, qadınların zərər çəkdiyi münaqişələrə aid mövzulara yer verdiyi məlum olub.

"Çap olunan yazılarda qadınlarda stress yaradan məqamlara toxunulmur. TV-lərdə yayımlanan verilişlərə baxanda belə fikirləşirsən ki, biz zorakılığa meyilli insanlarıq. Çünki mətbuat bu hadisələri yanlış işıqlandırır. Ailə faciələri qəzetlərin manşetinə çıxarılır", - Aslanova deyib.

Millət vəkili hesab edir ki, mətbuat ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin qorunduğu, 30-50 il bir yerdə yaşayan, gözəl övlad tərbiyə edən ailələri təbliğ etməlidir.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığının qarşısının alınması ilə bağlı dövlətin çox iş gördüyünü qeyd edib, lakin məişət zorakılığı probleminin hələ də həllini tapmamasından təəssüflənib.

Ən inkişaf etmiş dövlətlərdə də məişət zorakılığı probleminin olduğunu deyən komitə sədri hesab edir ki, problemin həlli məqsədilə milli dəyərlərimizə, adət-ənənələrimizə söykənən mexanizmlər işlənib hazırlanmalıdır.

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, mətbuat məişət zorakılığı ilə bağlı yazılar hazırlayarkən mütləq hərtərəfli araşdırma aparmalı, problemi yaradan səbəbləri aydınlaşdırmalıdır.

"Bu mövzu mətbuatda sensasiya kimi işlənməməlidir. Şuraya səlahiyyət verilmir ki, TV-lərin proqramlarına müdaxilə etsin. Biz yalnız tövsiyələr verə bilərik. Məişət zorakılığı, gender problemi ilə bağlı verilişlər hazırlanarkən aparıcılar düzgün seçilməlidir. Həyat təcrübəsi olan, ziyalı şəxslər bu verilişlərə aparıcılıq etməlidir", - Vəliyeva deyib.

Millət vəkili Qənirə Paşayeva məişət zorakılığı ilə mübarizənin düzgün təşkilində insanların düşüncə tərzinin, problemə baxışının dəyişməsini vacib sayır.

Paşayeva hesab edir ki, TV və KİV-lərdə ailə-məişət zorakılığı ilə bağlı hazırlanan materiallar problemin həllinə kömək etmək əvəzinə, həmin problemi daha da dərinləşdirir.

Onun fikrincə, jurnalistikada bu sahədə ixtisaslaşmanın olmaması problemin hərtərəfli araşdırılmasına imkan vermir.

O, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə treninqlərin keçirilməsini, TV-lərdə ailə-məişət mövzusu ilə bağlı hazırlanan tok-şoularda problemə birbaşa aidiyyəti olan qurumların ekspertlərinin dəvət olunmasını təklif edib.

Millət vəkili jurnalistləri stimullaşdırmaq məqsədilə bu mövzuda müsabiqələrin keçirilməsini də vacib sayır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məişət zorakılığının kriminal hadisə kimi təbliğ edilməsini yanlış hesab edib və qeyd edib ki, qadın və uşaqların hüquqları ilə bağlı cəmiyyətdə formalaşmış yanlış stereotiplərin dağılmasında, məişət zoraılığı ilə mübarizədə KİV-in rolu əvəzsizdir.

O bildirib ki, ötən il gender problemi və məişət zorakılığı ilə bağlı mətbuatda 450 yazı verilib.

Mətbuatda yayımlanan yazıların 30 faizi gender bərabərliyi, 25 faizi rəsmi nikah münasibətlərinə laqeyd yanaşılma, 15 faizi uşaq hüquqlarının pozulmasına, 10 faizi isə ailə dəyərləri mövzularına həsr olunub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan ailə modelinin, milli dəyərlərin qorunub saxlanması mühüm vəzifələrdən biridir.

Məişət zorakılığı probleminin cəmiyyəti narahat etdiyini deyən Əliyev maarifləndirmənin düzgün aparılmamasını, yanlış stereotiplərin olmasını problemin əsas səbəbi kimi qeyd edib.

Məişət zoraılığının səbəbləri sırasında sosial problemlərin vurğulanmasını düzgün hesab etməyən sektor müdiri qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi tərəqqi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər bunu deməyə əsas vermir.

Əliyev bildirib ki, bəzi KİV-lər ailə-məişət problemlərini qeyri-peşəkar işıqlandırmaqla ictimai rəyi yanlış istiqamətə yönəldir ki, bu da problemin dərinləşməsinə səbəb olur.

O, milli-mənəvi dəyərlərin, ailə adət-ənənələrinin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində KİV-in üzərinə böyük öhdəliklər düşdüyünü vurğulayıb.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

Müzakirələrin yekununda qərara alınıb ki, gender problemi, məişət zorakılığı mövzularında yazan jurnalistlərin maarifləndirilməsi məqsədilə treninqlər təşkil olunsun. Bu mövzu ilə bağlı materiallar hazırlanarkən ətraflı araşdırma aparılsın, eksper rəyləri öyrənilsin.

Xəbər lenti

Xəbər lenti