...

Azərbaycan hokkeyçiləri Avropa Çempionatına uğurla başlayıblar

Cəmiyyət Materials 27 İyul 2011 20:24 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında ilk oyunda qələbə qazanıb.
Azərbaycan hokkeyçiləri Avropa Çempionatına uğurla başlayıblar

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında ilk oyunda qələbə qazanıb. "A" qrupunda yer alan milli komandamız Xorvatiya hokkeyçiləri ilə qarşılaşıb.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, qrupun fovaritlərindən sayılan xorvatlarla görüşdə Azərbaycan millisi rəqibini çox çətin vəziyyətə salıb. Matçın 22-ci dəqiqəsinə qədər rəqib qapısından 3 cavabsız qol keçirən həmyerlilərimiz birinci hissəni 4:1 hesabı ilə öz xeyirlərinə başa vurublar. Fasilədən sonra da meydanda yalnız Azərbaycan komandası üstün olub. Beləliklə, kişi hokkeyçilərimiz nəhayət ki, Avropa çempionatında ilk böyük hesablı qələbə qazanıblar - 6:2.

Bu gün isə həmyerlilərimiz İtaliya komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Hazırda "A" qrupunda hokkeyçilərimiz 3 xalla vahid liderdirlər. Xorvatiya təmsilçiləri 2, italiyalılar isə 1 oyundan 1 xalla sonrakı yerləri tuturlar. Milli komandamıza qrup lideri olmaq üçün bu gün meydan sahibləri ilə heç-heçə oynamaq da kifayətdir. Artıq indidən demək olar ki, yığmamız ən azı qrup 2-cisi olmaqla yarımfinalda mübarizə aparmaq hüququ qazanıb.

"B" qrupunda 2 oyundan sonra Portuqaliya və İsveçrə komandaları 4 xalla liderdirlər. Aktivində 3 xalı olan Cəbəllütariq hokkeyçiləri 3-cü sıradadır. Keçirdiyi hər 2 görüşdə məğlub olan slovakiyalılar qrup sonuncusudurlar. Bu gün bu qrupda da III turun oyunları ilə ilkin mərhələyə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti