...

Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin ixtisas seçimi bu gün yekunlaşacaq

Cəmiyyət Materials 2 Avqust 2011 16:54 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Trend-ə verdiyi məlumata görə, ixtisas seçiminə iyulun 22-dən başlanılıb. İndiyədək 32 491 abituriyent ixtisas seçimini edib.
Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin ixtisas seçimi bu gün yekunlaşacaq

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi ilə bağlı təyin edilmiş tarix bu gün saat 24:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Trend-ə verdiyi məlumata görə, ixtisas seçiminə iyulun 22-dən başlanılıb. İndiyədək 32 491 abituriyent ixtisas seçimini edib.

Həmin abituriyentlərdən 28 254 nəfəri Azərbaycan, 4237 nəfəri rus bölməsi üzrə sənəd verib. İndiyədək ixtisas seçimi edən abituriyentlərin 9514-ü I, 9442-si II, 9536-sı III, 4179 nəfəri isə IV ixtisas qrupuna sənəd verib.

Bu il keçirilən qəbul imtahanlarında 34 mindən çox abituriyent müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil etməlidirlər.

İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.

TQDK ixtisas seçiminin nəticələrini avqustun 4-də açıqlamağı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti