Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 15:00-da yayılıb)
Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/
15 Azərbaycan vətəndaşı yaxın saatlarda Türkiyənin Van əyalətində zəlzələ zonasından təxliyyə ediləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev deyib.
Onun sözlərinə görə, onlar əyalətin ali məktəblərində təhsil alan və işləyən tələbə və müəllimlərdir. Onlar Azərbaycana səfirliyin köməyi ilə fəlakət zonasına xilasedicilər, texnika və humanitar yardım aparan FHN təyyarəsi ilə çatdırılacaq.
Konsulun sözlərinə görə, səfirliyə xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.
Türkiyənin Van əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 264 nəfərə çatıb, təxminən 1150 nəfər isə xəsarət alıb. Trend-in CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bəşir Atalay deyib.
Türkiyə hökumətinin məlumatına görə, təbii fəlakət bölgəsində 970 ev dağılıb.
Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.