Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda kənd yerlərində pensiyaçıların plastik kartlarla təminatı tədbirləri gücləndirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorundan çərşənbə günü Trend-ə bildirilib ki, bu ilin 9 ayında DSMF tərəfindən pensiyaların plastik kartlarla ödənişinin ucqar kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib. Kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb.
1 oktyabr 2011-ci il tarixə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2873 nəfər artıb.
Məlumata görə, hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98,9 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə, Azərbaycanda pensiyaçıların plastik kartlarla təminatı 99,4 faiz təşkil edir. Qeyd olunan göstərici üzrə ölkəmiz bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
DSMF tərəfindən pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları tam əhatə etməsi, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub.