...

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramının qəbulu təklif olunur

Cəmiyyət Materials 4 Noyabr 2011 14:59 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi təklif olunur.
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramının qəbulu təklif olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev cümə günü Trend-ə bildirib ki, çoxuşaqlı ailələrin sosial müdafiəsi üçün dövlət tərəfindən mütəmadi tədbirlər həyata keçirilməlidir.

Quliyevin fikrincə, Dövlət Proqramı ilə çoxuşaqlı ailələrin gəlirlərinə uyğun olaraq onlara ilbəil vəsaitin ayrılması, onların dövlət tərəfindən icbari tibbi sığortaya cəlb olunması, təhsili ilə bağlı bütün xərclərin dövlət tərəfindən təmin olunması tənzimlənə bilər.

Sədr müavini hesab edir ki, Dövlət Proqramının qəbul olunması çoxuşaqlı ailələrə müəyyən güzəştlərin tətbiqi ilə bağlı qanunun qəbulundan daha optimal variantdır.

"2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina etmişik, ünvanlı sosial müdafiə sisteminə üstünlük veririk. Çoxuşaqlı ailələr müxtəlifdir. İmkanlı ailələr var. Ona dövlət tərəfindən sosial vəziyyəti ağır olan ailə ilə eyni dərəcədə yardım göstərilməsinin də mənası yoxdur və əsas məqsədə xidmət etmir. Bu mənada, düşünürəm ki, çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramı qəbul etmək olar", - Quliyev deyib.

Millət vəkilinin fikrincə, qanunla tənzimləmə daha çevik üsul deyil və qanun bütün vətəndaşları bərabər tutur. Çoxuşaqlı ailələrin isə eləsi var ki, dövlətin qayğısına ehtiyac yoxdur.

Bu baxımdan, Quliyev vəsaitin daha səmərəli xərclənməsi üçün Dövlət Proqramının qəbul olunmasını məqsədəuyğun hesab edir.

Çoxuşaqlı ailələrdə uşağın sayına gəlincə isə, deputat hesab edir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab oluna bilər.

Yaxın 20 ildə Azərbaycanda demoqrafik fəlakət gözlənilmədiyini deyən Quliyev bildirib ki, ölkədə demoqrafik proseslər çox müsbət istiqamətdə inkişaf edir.

"İldə 150-165 min uşaq doğulur, bunun yarısı qədər ölən var. Azərbaycanda təxminən ildə 80-90 min nəfər əhali artımı var. Azərbaycanda əhalinin böyük hissəsi gənc və əməkqabiliyyətli insanlardır. Əhalinin qocalma, demoqrafik azalma problemi yoxdur. Doğulan uşaqların sağlamlığına və inkişafına fikir verməliyik. 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunmalıdır", - o deyib.

Millət vəkili ailələrdə uşaqların sayından çox onların sağlamlığına, təhsilə cəlb olunmasına, istedadlarının uyğun istiqamət üzrə vaxtında aşkara çıxarılmasına, stimullaşdırılmasına və vətənpərvər ruhda tərbiyə olunmasına önəm verilməsini vacib sayır.

Xəbər lenti

Xəbər lenti