...

Ombudsman Qazax Rayonlararası Ruhi Xəstəxanasına baxış keçirib

Cəmiyyət Materials 10 Noyabr 2011 19:54 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Qazax Rayonlararası Ruhi Xəstəxanasına baxış keçirib.
Ombudsman Qazax Rayonlararası Ruhi Xəstəxanasına baxış keçirib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Qazax Rayonlararası Ruhi Xəstəxanasına baxış keçirib.

Ombudsman Aparatının mətbuat ximdətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Süleymanova bu müəssisədəki inzibati otaqlara, müalicə və müayinə otaqlarına, palatalara, xəstələrin qaldığı otaqlara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb.

Eyni zamanda, ombudsman bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dava-dərman üçün ayrılan vəsaitlə maraqlanıb.

Qazax Rayonlararası Ruhi Xəstəxanasının baş həkimi müəssisədə 100 nəfərlik çarpayı olduğunu, hazırda burada 70 xəstənin müalicə edildiyini qeyd edib, xəstəxananın fəaliyyəti barədə məlumat verib.

Monitorinq zamanı xəstəxana binasının əsaslı təmirə ehtiyacı olduğu, dərman çatışmazlığının olmadığı, eyni zamanda, yataq dəstlərinin köhnəliyi müəyyən edilib. Ombudsman müəssisədəki problemləri diqqətdə saxlayacağını və bunların həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib.

Ombudsman baxış keçirilmiş müəssisədəki ayrı-ayrı xəstələrin müraciətlərini nəzərə alaraq, onların ailələri ilə əlaqə saxlayıb və xəstələrin müraciətlərini onlara çatdırıb.

Xəbər lenti

Xəbər lenti