...

Azərbaycanda davam edən şaxtalı havalar qlobal soyuqlaşmanın nəticəsidir?

Cəmiyyət Materials 10 Fevral 2012 12:41 (UTC +04:00)
Hazırda Azərbaycanda hava şəraitinin kəskin şaxtalı keçməsi anomal atmosfer proseslərinin nəticəsidir. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov deyib.
Azərbaycanda davam edən şaxtalı havalar qlobal soyuqlaşmanın nəticəsidir?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda hava şəraitinin kəskin şaxtalı keçməsi anomal atmosfer proseslərinin nəticəsidir. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində havaların kəskin soyuq keçməsinin qlobal soyuqlaşma ilə heç bir əlaqəsi yoxdur. Əgər 20 il ardıcıl olaraq, kəskin soyuq hava şəraiti müşahidə edilsə və bu müddət ərzində hər il fevral ayında havaların kəskin şaxtalı keçməsi müşahidə edilsə, onda baş verən prosesləri qlobal soyuqlaşma ilə əlaqələndirmək olar. Hazırda davam edən şaxtalı hava şəraiti isə yalnız anomal proseslərin nəticəsidir.

Direktor müavininin sözlərinə görə, belə hava şəraiti 2 il də davam edə bilər. Amma bu halda da onu anomaliya adlandırmaq olar.

"Nəzərə alınmalıdır ki, ötən il qış çox mülayim keçdi. Onda da bunu qlobal istiləşmə ilə əlaqələndirdilər. Bu il isə son 10 gün ərzində şaxtalı hava müşahidə edildiyi üçün bunu qlobal soyuqlaşma ilə əlaqələndirirlər. Bunlar hamısı qısa müddətli anomaliyalardır. Fevralda orta aylıq temperaturun iqlim normasından nə qədər fərqlənməsinə baxsaq, görərik ki, bu fərq 1 dərəcədən çox olmur. Azərbaycanda havaların qış aylarında kəskin soyuq keçməsi halları ayrı-ayrı illərdə də müşahidə edilib", - Məmmədov qeyd edib.

O əlavə edib ki, anomal hava şəraiti müxtəlif atmosfer proseslərinin Azərbaycan ərazisinə daxil olmasından yaranır.

Məmmədovun sözlərinə görə, Azərbaycanın iqliminin formalaşması bir necə amildən asılıdır. Ölkə ərazisində iqlimin formalaşmasına Sibir, Şimali Atlantikadan gələn, Aralıq dənizi, hətta Elbrus, Savalan dağlarının üstündə yaranan siklonlar təsir edir. Azərbaycanda iqlimin formalaşmasına Türkmənistanın Qaraqum çöllərindən gələn siklonlar da təsir edə bilər. Azərbaycanda bu siklonlardan hansı üstünlük təşkil etsə, onun ərazisində həmin siklonun yaratdığı hava şəraiti müşahidə edilir. Hazırda isə ölkədə Sibir siklonları üstünlük təşkil edir ki, onlar da havanı soyuq edir.

"Yəni bunları qlobal dəyişmə kimi qəbul etmək lazım deyil. Sadəcə, belə siklonların təsirinə hazır olmaq lazımdır. Dekabrın 1-dən başlayan martın 1-dək davam edən təqvim qışı ilə yanaşı, iqlim qışı anlayışı da var. Yəni ölkədə hansı temperaturu biz özümüz üçün sərhəd sayırıq. Hökumət, xalq əsasən iqlim qışına hazır olmalıdır və bunun üçün ehtiyat görmək lazımdır ki, fövqəladə hallarda problem yaranmasın", - Məmmədov əlavə edib.

O deyib ki, Azərbaycanda hazırda davam edən şaxtalı hava şəraiti ilk növbədə kənd təsərrüfatı üçün problem yaradacaq. Çünki Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri onun yerləşdiyi en dairəsinə uyğun əkilir. Ona görə də onlar çox yüksək şaxtaya dözə bilmirlər.

Məmmədov hesab edir ki, builki şaxtalı hava şəraiti əsasən sitrus bitkilərinə zərər verəcək. Amma bununla belə, soyuq hava şəraiti ətraf mühitə də ziyan vuracaq. Havaların kəskin soyuması ilə əlaqədar Qızılağac Dövlət Təbiət Qoruğunda quşlar kütləvi şəkildə qırıla bilər.

"Azərbaycanda yaşayan canlılar bu ölkənin temperaturuna adaptasiya olublar. Amma Bakıda 11 dərəcə şaxta olub, dağlıq ərazilərdə isə temperatur hətta 25 dərəcəyədək enib. Belə temperatur canlılar üçün böyük problem yarada bilər, onların kütləvi şəkildə qırılması baş verə bilər. Dənizdə problem o qədər böyük deyil, çünki orada balıqlar dənizin dibinə gedərək özünü soyuqdan qoruya biləcək", - Məmmədov əlavə edib.

Azərbaycanda yanvarın sonu, fevralın əvvəllərindən kəskin soyuqlar müşahidə edilir. Fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidrometeoroloji müşahidələrə görə, 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Havaların soyuması ilə əlaqədar Xəzər dənizinin müxtəlif ərazilərində buzlaşma baş verib. Xəzərdə sonuncu dəfə belə hadisə 1971-ci ildə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti