...

Mətbuat Şurası bir sıra qəzetlərə etik prinsiplərin tələblərini gözləməyi tövsiyə edib

Cəmiyyət Materials 6 Aprel 2012 16:55 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının cümə günü növbəti iclası keçirilib.
Mətbuat Şurası bir sıra qəzetlərə etik prinsiplərin tələblərini gözləməyi tövsiyə edib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının cümə günü növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri gündəliyə üç məsələ barədə müzakirələrin salınması razılığına gəliblər.

Əvvəlcə "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərlinin "Hürriyyət" qəzetində onun barəsində gedən yazı ilə əlaqədar müraciətinə baxılıb. İclasda şikayət doğuran materialda qarşı tərəf haqqında bir sıra kəskin ittihamların yer alması, balansın gözlənilmədiyi nəşr təmsilçisinin nəzərinə çatdırılıb. Qəzetin redaktoru Zülfüqar Hüseynzadə iradlarla qismən razılaşdığını, qarşı tərəfin münasibətinin öyrənilməsinə yönələn cəhdlərin uğursuz nəticələndiyini desə də bildirilib ki, yazıda bu barədə məlumat yoxdur. Bu isə məqalədə "Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları"nın tələbinin pozulması ilə nəticələnib.

Azərbaycan Baş Prokurorluğunun "Yeni Müsavat" qəzetinin builki saylarında gedən "Prokurorluğun 250 işçisinə atıblar" (20 fevral), "Qalmaqallı prokuror oğlu barədə ilginc xəbərlər" (3 mart), "Prokurorlar pul axtarır" (13 mart) sərlövhəli yazılarla əlaqədar müraciətinin müzakirəsi zamanı balansın gözlənilməməsi, lazımi araşdırmaların aparılmamasının yanlışlıqlara gətirib çıxardığı, hədəf kimi götürülən şəxs barədə alçaldıcı fikirlərin yayımlandığı mətbu nəşr nümayəndəsinin nəzərinə çatdırılıb. Qəzetə tövsiyə olunub ki, bu sayaq mövzuların təqdimatında etik prinsiplərin tələblərinin gözlənilməsinə diqqətlə yanaşsın. Qəzetin hüquqşünası Vasif Hüseynov iradları qəbul edib və məsələ bitmiş sayılıb.

Professor Rafiq Əliyevin "Səs" qəzetinin 11 fevral 2012-ci il tarixli sayında dərc olunmuş yazı barədə müraciətinin müzakirəsi zamanı mətbu nəşrin AJPDQ-nin bir sıra bəndlərinin tələblərini pozduğu müəyyənləşdirilib. Bildirilib ki, köşə yazısında faktlar dəqiqləşdirilmədən təqdim olunub. Həmçinin, yazıda adıçəkilən tanınmış ziyalı haqqında təhqiramiz ifadələr yer alıb. Komissiya üzvləri bunları etik prinsiplərə zidd hallar kimi dəyərlənriliblər. Qəzetə gələcəkdə belə yanlışlıqlara yol verməməsi tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti