...

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib

Cəmiyyət Materials 11 Aprel 2012 18:29 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin çərşənbə günü iclası keçirilib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin çərşənbə günü iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, İH üzvləri MŞ sədri Əflatun Amaşovun təqdimatından sonra gündəliyə 3 məsələ barədə müzakirələrin daxil edilməsi razılığına gəliblər.

Əvvəlcə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının rəylərinə baxılaraq bununla bağlı MŞ-nin qərarlarının çıxarılması üçün nə kimi əsasların olduğu müəyyənləşdirilib. On məsələ barədə müvafiq qərarlar qəbul olunub. Onların əksəriyyətində mətbu orqanların "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərini pozduğu barədə müddəalar, Mətbuat Şurasının tövsiyələri yer alıb.

"Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının "Yeni xəbər", "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin "Elçi" və "Hürriyyət", professor Rafiq Əliyevin və Bakı şəhər sakini Nazim Məmmədovun "Səs", Bakı şəhər Baş Polis İdarəsinin, "Sədərək" firmasının "Azadlıq", həmin firmanın, həmçinin Azərbaycan Baş Prokurorluğunun, "Azərinteltekt" QSC-nin "Yeni Müsavat", Bakı şəhər 173 saylı orta məktəbin "Super market" qəzetləri ilə bağlı müraciətləri əsasında qərarlar qəbul edilib.

İkinci məsələdə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu nəzərdən keçirilib. Ağstafa rayonunun eyniadlı və "Sport favorit" qəzetlərinin MŞ üzvlüyünə qəbulu barədə yekdilliklə qərar çıxarılıb.

Cari məsələlərin ətrafında müzakirələr başlamazdan əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov MŞ İdarə Heyətinin üzvü, Slavyan Universitetinin rektoru Kamal Abdullanı qurum adından "Yarımçıq əlyazmalar" əsərinin Nobel mükafatına iddialılar sırasına rəsmən qeydiyyata alınması münasibətilə təbrik edib. Sonra söhbət görkəmli alimin də tədqiqatçıları sırasında olduğu fundamental əsərin - "Kitabi-Dədə Qorqud"un alman şərqşünası Fridrix fon Dits tərəfindən üzə çıxarılmasının 200 illik yubileyinə hazırlıq ətrafında gedib. Onun həmin tədbirin filoloji, kulturoloji bayrama çevrilməsi istiqamətində səsləndirdiyi təkliflər, xüsusilə bu işin Almaniyadan olan mütəxəssislərlə birgə həyata keçirilməsi barədə səsləndirdiyi fikirlər razılıqla qarşılanıb. Təklif olunub ki, qəzetlərdə "Fridrix fon Dits - "Kitabi-Dədə Qorqud - 200" rubrikası ilə müntəzəm yazılar dərc olunsun, Bakı Slavyan Universiteti ilə birgə konfranslar, müsabiqələr keçirilsin.

Xəbər lenti

Xəbər lenti