...

Azərbaycanda piyadaların təhlükəsizliyi ilə bağlı həftəliyə start verilib

Cəmiyyət Materials 23 Aprel 2012 14:54 (UTC +04:00)
Respublikada bu gündən "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib.
Azərbaycanda piyadaların təhlükəsizliyi ilə bağlı həftəliyə start verilib

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

Respublikada bu gündən "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, təhlükəsizlik həftəsi aprelin 30-dək davam edəcək.

Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə daxili işlər nazirinin müvafiq əmri olub.

Respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranıb.

İdarədən bildirilib ki, statistik məlumatlara əsasən, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir.

Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.

Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirilməsi, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti